ATGTİ sosial şəbəkədə gənclərin ölkədə iğtişaşlara səslənməsinə etiraz etdi

ATGTİ sosial şəbəkədə gənclərin ölkədə iğtişaşlara səslənməsinə etiraz etdi

"Hazırda Azərbaycan höküməti tərəfindən gənclərə dəstək göz qabağındadır. Gənclərə dəstək, gənclərin sosial və mədəni həyatının yaxşılaşdırılması istiqamətində atılan addımlar öz müsbət nəticəsini verir". Bunu SİA-ya açıqlamasında Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı Tələbə-Gənclər Təşkilatları ilə İş Departamentinin rəhbəri İradə Dadaşova deyib. O, qeyd edib ki, Azərbaycanda yaşayan gənclərin intellektual səviyyəsinin müsbət formada inkişafı üçün dövlət tərəfindən müəyyən tədbirlər həyata keçirilir, qanunlar qəbul olunur: "Hazırda gənclər dövlət idarəçiliyi, iqtisadiyyat, idman, mədəniyyət sahələrində uğurlu fəaliyyət göstərir, Azərbaycanı beynəlxalq aləmdə layiqincə təmsil edirlər. Azərbaycan gəncliyi qarşısında mühüm vəzifələr dayanır. Gənclər ölkənin qüdrətinin daha da artırılmasına və Azərbaycanın güclü dövlət kimi formalaşmasına öz töhfələrini verməlidirlər".

 

Son günlər "Facebook" sosial şəbəkəsində "11 mart Böyük Xalq Günü" adı altında kampaniyaya toxunan İ. Dadaşova həmin sosial şəbəkədə gənclərin ölkədə iğtişaşlara səslənməsinə etiraz etdiyini bildirib: "Mən bir gənc olaraq buna çox mənfi yanaşıram. Belə bir təxribatın həyata keçirilməsinə qarşıyam. Normal düşüncəsi olan gənclər inanmıram ki, belə provakasiyalara inansınlar. Yəni mən özüm gənclər sahəsində çalışdığıma görə, bilirəm ki, Azərbaycan höküməti nə dərəcədə gənclərə dəstək verir. Gənclər Azərbaycan üçün vacibdir. Düşünürəm ki, bu aksiyanın keçirilməsi real deyil və sözün açığı bu aksiyanın geniş vüsət alacağına da inamım yoxdur. Normal düşüncəli gənclər dövlətin qayğısına əks olaraq belə addımlara yol verməzlər".

Bütün xəbərlər Facebook səhifəmizdə