Ermənistan XİN müavini Novruz Məmmədovun bəyanatına münasibət bildirib
Rəsmi Bakı dırnaq arasında konstruktiv mövqeyini dırnaqsız konstruktivliyə dəyişməlidir. SİA-nın xəbərinə görə, bunu Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan Azərbaycan Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun "Soçi görüşündə Ermənistanın mövqeyində az da olsa müsbət dəyişiklik hiss olunub" bəyanatına münasibət bildirərkən deyib. O, erməni xislətinə uyğun olaraq rəsmi Bakını hələ də borclu çıxarıb: "Rəsmi İrəvanın mövqeyində dəyişiklik etməyə ehtiyacı yoxdur. Çünki Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın Vyanada ATƏT-də çıxışı zamanı ötən ilin iyun ayında irəli sürülən yenilənmiş Madrid prinsiplərinə heç bir dəyişklik etmədən "hə" dediyini vurğulayıb. Ermənistan artıq "hə" deyib. Bu zəmində həmsədrlər Azərbaycanın mövqeyində hər hansı bir dəyişikliyin baş verməsini gözləyirlər".
Ermənistan XİN nümayəndəsi Soçi görüşündə irəliləyişin əldə olunmamasında günahı Azərbaycanın üstünə atıb: "Son üçtərəfli görüşdə Azərbaycan "hə" desəydi, bu danışıqlar prosesi öncəsi müsbət addım olardı. Eyni zamanda müsbət impulsları özündə ehtiva edən bir sıra bəyanatlar və sənədlərin imzalanması ilə yadda qalardı".
Qeyd edək ki, Azərbaycanın Xarici İşlər Nazirliyi Azərbaycanın Madrid təkliflərinə münasibət bildirməməkdə və müharibə istəməkdə günahlandırılmasına münasibət bildirib. XİN mətbuat xidmətinin rəhbəri Elxan Poluxov bu cür bəyanatları təxribat xarakterli adlandırıb: "Təxribat xarakterli bəyanatlarla çıxış etmək Ermənistanın daima həyata keçirdiyi siyasətin bir hissəsidir və bununla da Soçi görüşü hələ başlamadan öncə onlar müxtəlif məsələlərlə bağlı öz mövqelərini irəli sürürlər. Ermənistanın xarici işlər naziri min dəfə eyni fikirləri təkrar etsə də Azərbaycanın ərazilərinin işğal altında olması danılmaz bir faktdır. Bir suveren dövlətin ərazisi digər suveren dövlət tərəfindən işğal olduğu halda, hər bir suveren dövlət bütün beynəlxalq qanunvericiliyin mexanizmlərindən istifadə edərək, öz ərazilərini azad edə bilər".
Diplomat xatırladıb ki, Azərbaycan bugünkü gündə danışıqlar prosesində iştirak edir: "Azərbaycan münaqişənin sülh yolu ilə həllinə tərəfdardır, lakin biz danışıqları danışıq xətrinə aparmaq mövqeyində deyilik. O ki qaldı müzakirə mövzusuna, bu gün məlum olduğu kimi tərəflərin qarşısında yeniləşdirilmiş Madrid təklifləri adlanan sənəd mövcuddur. Bu sənəd 3 həmsədr ölkənin iştirakı ilə hazırlanıb, bu sənədlə yanaşı həmsədr ölkələrin başçılarının Akvill və Muskokda verdikləri bəyanatlar danışıqların əsasını təşkil edir. Azərbaycan bütün məsələlərə münasibət bildirib, lakin əfsuslar olsun ki, bu günə kimi Ermənistan bütün məsələlərə öz mövqeyini bildirməyib".
Xatırladaq ki, Azərbaycan, Ermənistan, Rusiya prezidentlərinin son görüşü zamanı Həştərxan görüşünün davamı olaraq prezidentlər tərəfindən bəyanatda qəbul edildi. Bəyanatda göstərildi ki, prezidentlər bu istiqamətdə danışıqları davam etdirmək istəyirlər və orada da mahiyyət etibarı ilə əsasən iki bənddən ibarət təkliv vardı.
Sənəddə qeyd edildiyinə görə, liderlər 2010-cu il oktyabrın 27-də Həştərxanda qəbul etdikləri üçtərəfli bəyannamənin praktiki surətdə həyata keçirilməsi məsələlərini müzakirə ediblər. Xüsusilə prezidentlər qısa müddət ərzində hərbi əsirlərin mübadiləsini başa çatdırmaq barədə razılığa gəliblər. Bundan başqa, sənəddə bütün mübahisəli məsələləri dinc vasitələrlə həll etmək və atəşkəs xətti yaxınlığında mümkün insidentlərin ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsinin köməyi ilə ATƏT-in Minsk qrupunun həmsədrlərinin himayəsi altında tərəflərin iştirakı ilə araşdırılmasının aparılması səyləri qeyd edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB