Merilend ştatının Monqtomeri əyaləti mart ayını Azərbaycan İrsi ayı elan edib
ABŞ-ın Merilend ştatının Montqomeri əyalətində 2011-ci il mart ayı Azərbaycan İrsi ayı elan edilib. SİA-nın xəbərinə görə, əyalətin icra hakimiyyətinin başçısı Ayze Legget bununla bağlı sərəncam imzalayıb.
Sənəddə Azərbaycanın şərqdə ilk müstəqil müsəlman respublikası və müsəlman şərqində qadınlara səsvermə hüququnun verildiyi ilk ölkə olduğu qeyd edilir. Burada deyilir ki, Qafqaz regionunda mədəniyyətin beşiyi olan Azərbaycan şairə Xurşud banu Natəvan və bəstəkar Üzeyir Hacıbəyov kimi sənətkarlar yetişdirib. Sənəddə həmçinin Azərbaycanın ABŞ-ın strateji müttəfiqi olduğu bildirilir.
Sərəncamda azərbaycanlıların ABŞ cəmiyyətinə verdiyi töhfələr göstərilir, Kaliforniyanın Berkli Universitetinin doktoru Lütfü Zadənin adı qeyd edilir.
Qeyd edək ki, 2011-ci ilin mart ayının Azərbaycan İrsi ayı kimi tanınması təşəbbüsü ilə Vaşinqtonda fəaliyyət göstərən Qarabağ Fondu çıxış edib və Montqomeri icra hakimiyyətinə bununla bağlı müraciət edib.
Yaxın günlərdə əyalətin mərkəzi olan Rokvil şəhərində icra başçısı Ayze Leggetin iştirakı ilə mart ayının Azərbaycan İrsi ayı elan edilməsi ilə bağlı mərasim keçiriləcək.
Merilend ştatının Montqomeri əyaləti paytaxt Vaşinqtonun ətrafında yerləşir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB