Gəncənin məktəbəqədər tərbiyə müəssisələrinə biganə münasibət var - ARAŞDIRMA

Gəncənin məktəbəqədər tərbiyə müəssisələrinə biganə münasibət var - ARAŞDIRMA

Gəncə şəhərindəki məktəbəqədər tərbiyə müəssisələrindəki vəziyyət bu gün ürəkaçan deyil. Xüsusən uşaq bağçalarının mətbəxlərində daha acınacaqlı vəziyyət hökm sürür. SİA-nın bölgə müxbirinin üz tutduğu ilk ünvan 19 saylı Körpələr Evi olub. 1960-cı illərdə inşa olunan məktəbəqədər tərbiyə müəssisəsində zaman öz sözünü deyib.

Uşaqların qidalarının hazırlandığı mətbəxdə ürəkaçan şəraitdən danışmaq olmur. Köhnə yararsız vəziyyətdə olan invertarlar xüsusilə diqqət çəkir. Baxımsız halda olan mətbəxdə gün ərzində uşaqlar üçün nahar hazırlanır. Bu dəfə balacalara sup verilməli idi. Qida məhsulunda bir tikə də ətin olmaması diqqətimizdən yayınmır. Burada avadanlıqlar öz ömrünü çoxdan başa vurduğundan yeməklər elektrik sobası ilə bişirilir. Bura isə balacaların olduğu otaqdır. Səliqəsizlik elə ilk baxışdan seçilir. Görünür ki, balacalar artıq nahar edib. Ancaq nədənsə hələ də hər şey ortalıqdadır.

Yararsız vəziyyətdə olan digər bir uşaq bağçası Gəncənin Gülüstan qəsəbəsində yerləşir. 13 saylı Uşaq Bağçası Körpələr Evinin mətbəxində vəziyyət daha da acınacaqlıdır. Yenə köhnə inventarlar, yararsız vəziyyətdə olan mətbəx mənzərəsi ilə qarşılaşırıq. Təmizlənməyən mətbəxdən körpələrə nahar verilir. Üstəlik, bu vəziyyətə bizimlə bərabər baxca müdirəsi də tamaşa edib. Ancaq müsahibə vermək istəməyib. Mövcud vəziyyətə Gəncə şəhər Təhsil İdarəsi də biganə yanaşır. Məsələ münasibət öyrənmək üçün quruma üz tutsaq da açıqlama verən kimsəni tapa bilmədik. İdarə rəisi yerində olmadı, digər səlahiyyət sahibləri isə Mahal Əliyevin icazəsi olmadan müsahibə verə bilməyəcəklərini dedilər. Görünür adıçəkilən qurumun nümayəndələrinin vəziyyətlə bağlı deməyə sözləri qurtarıb. Çünki yaranan mənzərəyə necə münasibət bildirmələri yəqin özləri üçün də qaranlıq qalır. Odur ki, məsələdən yayınma gedişinə üstünlük verilib. Qısa arayış verək ki, ölkənin ikinci böyük şəhərində təxminən 20-dən artıq məktəbəqədər tərbiyə müəssisəsi var. Demək olar ki, bu baxçaların əksəriyyətində analoji vəziyyət hökm sürür.

Bütün xəbərlər Facebook səhifəmizdə