Qafqaz “barıt çəlləyi”nə dönüb - TƏHLİL

Qafqaz “barıt çəlləyi”nə dönüb - TƏHLİL

Regionda son zamanlar münasibətlərin gərginləşməsi fonunda hər bir dövlət özünün gücünü göstərməyə çalışır. Eyni zamanda gücü özündə ehtiva edən silahlanma da durmadan artır. Son zamanlar dünya birliyini üzvləri silahlanmaya ayrılan maliyyəni azaltsalar da, Qafqazda bu əks istiqamətdə gedir. Bu isə təbii hal kimi qiymətlədirilir. Ötən il MDB-yə üzv ölkələrdə və Gürcüstanda dövlət büdcəsindən hərbiyə ayrılan vəsaitin ümumi dəyəri 23 faiz artaraq 60.6 milyard dolları keçib. Bir çox ölkələr iqtisadi sıçrayış nəticəsində özünün sosial-iqtisadi vəziyyətini qənaətbəxş hesab edərək hərbi büdcənin artırır. Bu isə öz növbəsində regionda mövcud durumun heç də stabil olmadığını və "barıt çəlləyi" effektinin göstəricisidr.

 

Cənubi Qafqaz - Gürcüstan.

Rusiya-Gürcüstan müharibəsindən sonra Abxaziya və Cənubi Osetiya damğası hələ də rəsmi Tiflisi incidir. Qərbə güvənən gürcülər "şimal ayısı"nın pəncəsindən qurtara bilmədilər. Əslində belə də olmalı idi. Qərbin planı reallaşdı. Rusiyanın nəyə qadir olduğunu bildilər. Həm hərbi, həm də iqtisadi sferada. Qış yuxusundan oyanan Rusiya burnun ucunda nələrin baş verdiyini fərqinə vardı. İndi isə Qərbin hədə-qorxuları da keçərli deyil. Səbəb isə enerji asılılığıdır.

 

Azərbaycan - Dağlıq Qarabağ

Burada isə oyunçular çoxdur. Məqsədləri ayrı-ayrı olan dövlətlərin Qarabağdan bir parça qoparmaq istəyi var. Şimal küləyi Qərbi soyuq saxlamaq üçün Bakının "qara qızıl"ını və qazını istəyir. Okeanın o tayı isə demokratik dəyərlər içərisində Yaxın Şərq üzrə planlarını reallaşması üçün xahişlər edir. Fransa isə xam torpaq kimi hələ cücərir. Real nəticə olmadığı üçün Azərbaycan hərbi potensialını gücləndirməyə davam edir. Müdafiə sahəsində yüksək sıçrayış Ermənistanı narahat edir. Müdafiə sistemin gücləndirilməsi ilk növbədə SSSR-nin dağılmasından sonra daha güclənməyə başlandı. Belə ki, hazırda postsovet ölkələri içərisində Baltikyanı ölkələrindən başqa bütün dövlətlər silahlanmada yenilik edir. Xüsusi çəkiyə malik olan dövlətlər isə Gürcüstan və Azərbaycandır. Gürcülər ABŞ və NATO-nun hesabına öz hərbi potensialını gücləndirir. Ancaq bu da onu Cənubi Osetiyanı itirməkdən qurtara bilmədi. Azərbaycan isə hərbi hərəkatlara başlamaq üzrədir.

 

2011-ci ildə dövlət büdcəsindən müdafiəyə 1 milyard 325 milyon manat ayrılması nəzərdə tutulub. Bundan əlavə, ölkənin hərbi potensialının gücləndirilməsinə yönələn xüsusi layihələrin maliyyələşdirilməsinə 1 milyard 87 milyon manat ayrılması planlaşdırılır. Vəsaitin bir hissəsi dövlət investisiya proqramları çərçivəsində ayrılacaq. Beləliklə, 2011-ci ildə müdafiə sahəsinin maliyyələşdirilməsinin həcmi 2 milyard 412 milyon manat təşkil edəcək ki, bu da 2010-cu ilin göstəricisindən 1 milyard 187 milyon manat çoxdur. Rəsmi məlumatlara görə, 2011-ci ildə müdafiə xərclərinin xüsusi çəkisi büdcə xərclərinin 19,6 faizini təşkil edəcək. Halbuki 2010-cu ildə bu göstərici 10,7 faiz təşkil edir.

 

Ötən il Azərbaycan xarici dövlətlərlə hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığa dair 2 hökumətlərarası və 3 nazirliklərarası sənəd imzalayıb. Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində 7 yeni istehsal sahəsi yaradılıb. Yaradılmış sahələrdə quraşdırılmış texnoloji xətlər 10 adda müxtəlif çaplı patronların və döyüş sursatları üçün 5 növ alışdırıcı kapsulların istehsalının həyata keçirilməsinə imkan verir. Hesabat ilində həmçinin 22 adda məmulatın yaradılması başa çatdırılaraq mənimsənilib.

 

Eyni zamanda MSN tərəfindən 50,3 mln. manat məbləğində 350 addan çox müdafiə təyinatlı məhsul istehsal edilərək sifarişçilərə təhvil verilib. Təhvil verilmiş məmulatların həcmi 2009-cu il ilə müqayisədə 17% artıb. Hesabat ilində 33 adda müdafiə təyinatlı məmulatın utilizasiyası həyata keçirilib. Təmir işlərinin dəyəri 2009-cu illə müqayisədə 7,6 dəfə, utilizasiya işlərin dəyəri 4,7 dəfə çox olub. Həmçinin ötən il Azərbaycanın hərbi müəssisələri tərəfindən 11,1 mln. manat (13,9 mln. ABŞ dolları) həcmində məhsul ixrac olunub. Ümumilikdə isə müdafiə tədbirlərinin həyata keçirilməsinə 2009-cu illə müqayisədə 40% artıq vəsait yönəldilib.

 

Cari ildə Dövlət Müdafiə Sifarişi Proqramı çərçivəsində yeni istehsal sahələrinin yaradılması üzrə 18 layihənin həyata keçirilməsi, silahlı qüvvələrin sifarişi ilə müxtəlif minaatanlar və onlar üçün döyüş sursatları, snayper tüfəngləri, avtomat və pulemyotlar, əl qumbaraatanları, detonatorlar, nişangahlar, pilotsuz uçuş aparatları, trenajorlar və s. məhsulların yaradılması nəzərdə tutulur.

 

Eyni zamanda Ermənistanda vəziyyət necədir? 2011-ci ildə Ermənistanın müdafiə və təhlükəsizlik sahəsinə ayrılacaq ümumi xərclər təqribən 700 milyon dollar təşkil edir. Bu vəsaitin təxminən yarısının rəsmi olaraq ayrılması nəzərdə tutulub. Qalan vəsaitin bir neçə mənbədən formalaşdırılması gözlənir. Rəsmi rəqəmlərə görə, bu ilin dövlət büdcəsi layihəsində müdafiə sahəsinin xərcləri 140,6 milyard dram (təqribən 390 milyon ABŞ dolları) planlaşdırılıb ki, bunun da xüsusilə 134,8 milyard dramı hərbi müdafiəyə, 149 milyon dramı xarici hərbi yardıma yönəldiləcək. 2010-cu illə müqayisədə bu ölkə öz hərbi büdcəsini bu il cəmi 14 milyon dollar artıra bilib.

 

Hərbi xərclərinin formalaşdırılmasına təsir edən xarici amillər əsasən Rusiyanın dəstəyi və diasporanın yardımıdır. Araşdırmalar göstərir ki, 2011-ci ildə qeyd edilən vəsaitin təxminən 400 milyon dolları Ermənistan silahlı qüvvələrinin ehtiyaclarının qarşılanmasına, yerdə qalan hissəsi isə Azərbaycanın işğal altında olan ərazilərində yerləşdirilmiş birləşmələrə yönəldiləcək. 2011-ci ilin dövlət büdcəsində hərbçilərin vəsait təminatının 10 faizlik artım və nizamlanma investisiyalarının artırılması nəzərdə tutulub ki, bu da silah və digər vasitələrin alınması və ordunun müasirləşdirilməsi prosesini daha yüksək səviyyədə aparmağa imkan yaradacaq. Artıq məlum olur ki, əsas iki məsələ - maliyyə vəsaitləri və insan resursları problemi gələn il Ermənistan ordusu qarşısında duran əsas məqamlardan biridir.

 

Ermənilərin bu problemlərin öhdəsindən asanlıqla gələ biləcəyi heçdə görsənmir. Çünki, məsələ o qədər qəlizdir ki, artıq onlar müəyyən islahatlar keçirmək barədə düşünməyə başlayıblar. İndi müqaviləli orduya keçid məsələsini qaldırırlar, bu, insan resursları çatışmazlığını önləmək üçün səmərəli olsa da, maliyyə baxımından heç də uğurlu hesab edilə bilməz Eyni zamanda 1992-1994-cü illərdə ölkədə doğumun azalması səbəbindən 2010-2012-ci illərdə çağırış yaşlı gənc insanların sayının azalacağı gözlənir. Bu səbəbdən hərbi xidmətə çağırışla eyni zamanda orduya müqaviləli hərbi qulluqçuları səfərbəretmə prosesi başlanıb. Lakin 2011-ci ildə də Rusiyadan Ermənistana hərbi dəstəyin davam edəcəyi gözlənir. Əldə etdiyimiz məlumatlara görə, gələn il Rusiyanın hərbi-sənaye kompleksinin Ermənistana müəyyən silah və hərbi texnikalar göndərəcəyi barədə razılaşma əldə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə