Rövşən Novruzoğlu: “Dağlıq Qarabağ probleminin həllini ABŞ qəti şəkildə Rusiyanın nəzarətinə verib” - MÖVQE

Rövşən Novruzoğlu: “Dağlıq Qarabağ probleminin həllini ABŞ qəti şəkildə Rusiyanın nəzarətinə verib” - MÖVQE

Dağlıq Qarabağ münaqişəsinin həlli üçün keçirilən növbəti görüş də arxada qaldı. Rusiyanın Soçi şəhərində keçirilən Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin görüşü Qarabağ nizamlanması üzrə birgə bəyannamə açıqlandı. Sənəddə qeyd edildiyinə görə, liderlər 2010-cu il, oktyabrın 27-də Həştərxanda qəbul etdikləri üçtərəfli bəyannamənin praktiki surətdə həyata keçirilməsi məsələlərini müzakirə ediblər. Xüsusilə prezidentlər qısa müddət ərzində bütün hərbi əsirlərin mübadiləsini başa çatdırmaq barədə razılığa gəliblər.

 

Bundan başqa, sənəddə "bütün mübahisəli məsələləri dinc vasitələrlə həll etmək və təmas xətti yaxınlığında mümkün insidentlərin ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsinin köməyi ilə ATƏT-in Minsk qrupunun həmsədrlərinin himayəsi altında tərəflərin iştirakı ilə araşdırılmasının aparılması" səyləri qeyd edilir. "Prezidentlər Dağlıq Qarabağ nizamlaması məsələləri üzrə mütəmadi əlaqələrinin mühüm əhəmiyyətini qeyd ediblər və ATƏT-in Minsk Qrupu həmsədrlərinin işinə əlavə olaraq onları bu formatda davam etdirmək barədə razılığa gəliblər" - bəyanatda deyilir. Bəyanata əsasən prezidentlər bu formatda danışıqları müntəzəm olaraq davam etdirmək barədə də razılığa gəliblər. Göründüyü ki, bəyanat keçən ilki Həştərxan görüşündə razılığa gəlinən bəyanatdan fərqlənmir. Bir çox yerli və xarici ekspertlərin görüşdən əvvəlki açıqlamalarına görə isə bu görüş sülh prosesinin sonrakı taleyini böyük ölçüdə müəyyənləşdirməli idi.

 

Politoloq Rövşən Novruzoğlu hesab edir ki, Dağlıq Qarabağ probleminin həllini ABŞ qəti şəkildə Rusiyanın nəzarətinə verib və bütün görüşlərin Rusiyada keçirilməsinə razılıq verib. SİA-ya açıqlamasında politoloq bildirib ki, görüşün mühüm nəticə verməyəcəyi görüşdən əvvəlki siyasi situasiya və tərəflərin səsləndirdiyi bəyanatlardan da bəlli idi. Politoloq qeyd edib ki, Avropa Şurasının sənədlərində Dağlıq Qarabağın işğal olunması əksini tapmayıb. O, bundan fərqli olaraq qurumun sənədlərində Abxaziya və Cənubi Osetiyanın işğal faktının qeyd edildiyini vurğulayıb.

 

BMT-dəki erməni nümayəndəsi Karen Nazaryan tərəfindən BMT-yə məktub göndərildiyini xatırladan politoloq məktubda Dağlıq Qarabağ münaqişəsinin həll olunmuş problem kimi göstərdiyini deyib: "Məktubda deyilir ki, problemlə bağlı həll olunmayan bir məsələ qalmayıb, bundan sonra problemin həlli ilə bağlı BMT-də müzakirələr aparılarsa, bu müzakirələrdə Dağlıq Qarabağın nümayəndəsi də iştirak etməlidir. Karen Nazaryan Dağlıq Qarabağın işğalında şəxsən iştirak etmiş bir adamdır. O, məktubda göstərir ki, Dağlıq Qarabağdakı əhalinin sayı referendum keçirməyə imkan verir. Çox maraqlıdır ki, məktubda Sumqayıt hadisələri də yer alıb. Amma bizi indiki məqamda daha çox Dağlıq Qarabağ maraqlandırır. Məktuba hələlik BMT-nin baş katibi Pan Gi Mun cavab verməyib".

 

Ermənistanın apardığı informasiya müharibəsinə də toxunan R.Novruzoğlu qeyd edib ki, ermənilər bu müharibəni dörd hissəyə bölürlər: "Bu müharibənin birinci hissəsi 2010-cu ildə yekunlaşdı və ermənilər bu mərhələni özlərinin qələbəsi kimi qeyd etdilər. Ermənilər hesab edirlər ki, Dağlıq Qarabağın müstəqil dövlət kimi bütün atributları var. Dağlıq Qarabağ yenidən qurulur. Kanada, Fransa, İtaliya, Rusiya və digər ölkələrdən yüksək səviyyəli mütəxəssislər cəlb olunaraq abadlıq işləri görülür. İran sərhədi boyunca turizm mərkəzləri yaradılır. Lakin Azərbaycan mətbuatında bu məsələyə geniş diqqət yetirilmir, təhlil olunmur. Azərbaycan mətbuatı sadəcə Minsk qrupunu ağzını güdür ki, nə deyəcəklər. Minsk qrupu isə elan edib ki, bizim vaxtımız bitib, yeni bir qurum haqqında fikirləşmək lazımdır. Minsk qrupu bəyan edir ki, biz heç kimdən torpaq alıb torpaq vermirik, bu bizim nizamnaməmizdə yoxdur".

 

Rusiyanın Ermənistanı faktiki olaraq dəstəklədiyini qeyd edən politoloq rəsmi Moskvanın Dağlıq Qarabağda yaxın vaxtlarda referendumun keçirilməsi ideyasını dəstəkləyini vurğulayıb. Dağlıq Qarabağa bu ərəfədə Kanada, Avstraliya, Argentina, İran, o cümlədən Türkiyədən 470 ailənin gəldiyini deyən R.Novruzoğlu bildirib ki, həmin ailələr sonradan geri qayıtsalar da onlar Dağlıq Qarabağda qeydiyyata salınır: "Həm iqtisadi, həm siyasi, həm də mədəni cəhətdən Rusiya, Kanada, Fransa, İngiltərə, İran Dağlıq Qarabağ seperatçılarına dəstək verir. Bu ölkələrin hamısı Dağlıq Qarabağın müstəqilliyi üçün çalışırlar".

Bütün xəbərlər Facebook səhifəmizdə