Bülənt Aras: “Əgər müharibə başlayarsa Azərbaycanla Türkiyə arasında hərbi sahədə müzakirələr aparıla bilər”

Bülənt Aras: “Əgər müharibə başlayarsa Azərbaycanla Türkiyə arasında hərbi sahədə müzakirələr aparıla bilər”

"Əgər müharibə başlayarsa müəyyən şərtlər çərçivəsində problemlərin həlli ilə bağlı Azərbaycanla Türkiyə arasında hərbi sahədə müzakirələr aparıla bilər". SİA-nın xəbərinə görə, bunu Türkiyə Respublikasının Xarici İşlər Nazirliyi nəzdində Strateji Araşdrmalar Mərkəzinin direktoru, Xarici İşlər naziri Əhmət Davudoğlunun müşaviri, professor Bülənt Aras jurnalistlərə açıqlamasında deyib. O, qeyd edib ki, Türkiyə ilə Azərbaycan arasında hərbi-strateji əməkdaşlığa dair saziş imzalanmayıb, amma hərbi sahədə əməkdaşlıqla bağlı müqavilələr var: "Əlbəttə, müharibə kimsənin istədiyi həll variantı deyil. Türkiyənin də mövqeyi belədir ki, problemin sülh yolu ilə həlli mümkündür. Azərbaycan, Ermənistan, Rusiya prezidentlərinin Soçi görüşü də irəliyə doğru atılan addım kini dəyərləndirilir".

 

Dağlıq Qarabağda gedən proseslərdən, Ağdamda cəbhəyanı bölgə kimi vəziyyətdən xəbərinin olduğunu deyən B. Aras Azərbaycanın Ağdam rayonuna səfəri ilə bağlı da fikirlərini də deyib. O, eyni zamanda Ağdamın 2/3-nin ermənilər tərəfindən işğal olunduğunu xatırladıb: "Biz işğal olunmamış ərazilərdə yaşayan azərbaycanlılarla görüşdük. Onlarda torpaqları geri almaq ümidinin ölmədiyini gördük. Orada həmçinin əsgərlərlə də görüşdük. Əlimizdən gələn mənəvi dəstəyi verməyə çalışdıq".

 

Qeyd edək ki, Azərbaycanda səfərdə olan Türkiyə Xarici İşlər Nazirliyi yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Bülənt Aras bu gün Fəxri Xiyabanda Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını, Türk Şəhidliyini ziyarət edib.

 

Daha sonra Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) ilə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) yanında Strateji Araşdırmalar Mərkəzi arasında Memorandum imzalanıb. Sənədi Azərbaycan tərəfdən SAM-ın direktor əvəzi Gülşən Paşayeva, Türkiyə tərəfdən isə XİN yanında SAM-ın rəhbəri Bülənt Aras imzalayıblar. Memorandumda tərəflər arasında toplantıların, görüşlərin keçirilməsi, birgə araşdırmaların aparılması, müxtəlif sahələr üzrə qarşılıqlı əməkdaşlıq və s. nəzərdə tutulur. Sazişə uyğun olaraq, Türkiyə və Azərbaycanı maraqlandıran, dünyada gedən proseslərlə bağlı birgə araşdırmalar aparılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə