Hicran Hüseynova: "Azərbaycan qadını ulu öndərimizin arzularını reallaşdırıb"

Hicran Hüseynova: "Azərbaycan qadını ulu öndərimizin arzularını reallaşdırıb"

Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 8 Mart Beynəlxalq Qadınlar Gününə və Komitənin 5 illik yubileyinə həsr olunmuş tədbir keçirib. SİA-nın məlumatına görə, tədbirdə Komitə sədri Hicran Hüseynova, millət vəkilləri və digər nümayəndələr iştirak ediblər.

Tədbiri giriş sözləri ilə açan Hicran Hüseynova bildirib ki, Azərbaycan qadını ulu öndər Heydər Əliyevin arzularını reallaşdırıb: "Ölkəmiz bu gün mürəkkəb, amma şərəfli bir dövr yaşayır. Azərbaycan xanımı ulu öndərimizin onlar haqqındakı bütün düşüncələrini doğruldub. Bütün təcrübələr göstərir ki, inkişaf dinamikası güclü inteqrasiya tələb edir. Bu gün Azərbaycanda qadınların istənilən sahədə gördüyü bütün işlər dövlət rəhbərliyi tərəfindəın qiymətləndirilir".

Builki bayramın Komitənin 5 illik yubileyi ilə eyni vaxta təsadüf etdiyini deyən komitə sədri qeyd edib ki, Azərbaycan ailə dəyərlərini yüksək tutan, qadına xüsusi status verən ölkədir. Buna baxmayaraq, dünyanın ən sivil ölkələrində belə mövcud olan ailə, qadın və uşaq problemləri Azərbaycanda da var.

Daha sonra çıxış edən Türkiyə Soroptimister Federasiyasının sədri Şenay Öndər Azərbaycan qadınları haqqında danışaraq bildirib ki, iki ölkə arasında əlaqələrin getdikcə inkişaf etməsi çox gözəl haldır: "Biz Azərbaycan qadınlarının fəaliyyətini çox yüksək qiymətləndiririk. Biz hamımız bir kökdən olan qadınlarıq. Heç bir siyasi məsələlər türk qadınlarının arasında problem yaratmamamalıdır. Biz daima inkişafa, əlaqələrimizi genişləndirməyə, qadınların dünyada hüquqlarının qorunması üçün hər cür addımı atmağa çalışmalıyıq".

Tədbirdə həmçinin Azərbaycanın görkəmli qadınlarına həsr olunmuş "İlklər" təqvimi, "Ailə, Qadın, Uşaq" jurnalının yubileyinə həsr olunmuş xüsusi buraxılışın və "Uşaqlar.az" veb-saytının təqdimatı keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə