Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəsmisi: “İranda vəziyyətin stabil olmaması müharibə ehtimalını artırır”

Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəsmisi: “İranda vəziyyətin stabil olmaması müharibə ehtimalını artırır”

Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin fikrincə, İranla müharibə gözləniləndir. SİA-nın "Regnum" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Təhlükəsizlik Xidmətinin yüksək rütbəli səlahiyyətlisi Vladimir Nazarov bildirib ki, İranda vəziyyətin stabil olmaması müharibə ehtimalını daha da artırır.

"Qlobal strateji proqnozlar 2030" konfransında çıxış edən V.Nazarov qeyd edib ki, İranın nüvə məsələsi yalnız danışıqlar yolu ilə həll edilməlidir. O, hərbi variantın səhv olduğunu qeyd edib. "Regnum" xəbər agentliyinin məlumatına görə, o, əvvəlki açıqlamalarında da İrana qarşı sərt sanksiyaların tətbiqinə qarşı çıxıb. V.Nazarov vurğulayıb ki, İrana qarşı sanksiyalar İranın nüvə proqramının təhlükəlilik dərəcəsi nəzərə alınaraq tətbiq olunmalıdır.

Rusiya Federasiyası Təhlükəsizlik Xidmətinin səlahiyyətlisi 2010-cu ilin fevral ayında verdiyi açıqlamasında isə deyib ki, rəsmi Moskvanın İrana "S-300" zenit- raket kompleksini satmaqdan imtina etməsi üçün heç bir əsas görmür. O, İrana qarşı beynəlxalq sanksiyaların bu silahların satılmasına maneə olmadığını söyləyib, V.Nazarov fikrini "S-300"ün müdafiə xarakterli silah olması ilə əlaqələndirib.

Qeyd edək ki, İrana qarşı beynəlxalq sanksiyalara Rusiyanın da qoşulmasından sonra rəsmi Moskva "S-300"lərin satışını nəzərdə tutan razılaşmanı yerinə yetirməkdən imtina edib. Rusiya müqavilə şərtlərini pozduğuna görə, İrana kompensasiya ödəyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə