Liviyada xaosun ölkəni vətəndaş müharibəsinə aparacağı və neft ixrac edən digər ölkələrdə də bənzəri qiyamların baş verəcəyi narahatlığı neft qiymətlərinin artımında da özünü göstərir. Xalq qiyamlarının Tunis və Misirdən sonra Liviyaya keçməsi maliyyə bazarlarında narahatlıq yaradıb. Tunis və Misirdəki hadisələr zamanı ciddi bir yükləliş qrafiki cızmayan neft qiymətləri son 30 ayın ən yüksək səviyyəsinə çıxıb.
Liviya əslində dünya neft bazarında çox təsirli bir oyunçu deyil. Amma bu ölkədə proseslərin Orta Şərq və Şimal Afrikadakı Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) üzvü olan ölkələrdə də baş verəcəyi narahatlığı beynəlxalq bazarlarda neft qiymətlərinə təsirsiz ötüşməyib. Qiymətləri qaldıran bir başqa faktor isə qanlı bir vətəndaş müharibəsi qorxusudur. Liviya lideri Muammar Qəddafi Tunis və Misir liderləri kimi istefa etmədi, əksinə tərəfdarlarını küçəyə çağırıb əleyhdarlarına qan tökəcəyi xəbərdarlığı etdi.
Liviyanın dünya neft istehsalındakı payı 1,92, ixracatda payı isə 2,2 faizdir. Keçən ayın göstəricisinə görə Liviya gündəlik 1,58 milyon barel neft istehsalı ilə Nigeriya və Anqoladan sonra Afrikanın üçüncü böyük neft istehsalçısıdır. Neft ehtiyatları baxımından isə Afrikanın ən böyüyüdür. İxracatın 76 faizini Avropaya reallaşdırır. Avropaya ixracatda da İtaliya birinci yerdədir, bu ölkəyə satılan neft ümumi ixracın üçdə birini təşkil edir. Liviyanın təbii qaz istehsalı isə 9,9 milyard kubmetrdir. Qazın da ən böyük müştərisi İtaliyadır. Liviya son illərdə neft istehsalını gündəlik 3 milyon barelə çıxarmaq üçün xarici sərmayəni cəlb etmək istəyir.
Dünyanın 12-ci böyük neft ixracatçısı olan Liviyanın bəzi bölgələrində neft istehsalı və ixracı dayanıb. Neft müəssisələrinin əhəmiyyətli bir hissəsi qiyam qaldıran müxalifətin idarəsinə keçib. Liviyadan ən çox neft alan İtalyanın neft və təbii qaz şirkəti "Eni", təbii qaz istehsalını, eyni zamanda gündəlik 244 min barrel olan neft istehsalını dayandırıb. Liviya-İtalya arasındakı "Yaşıl Axın" təbii qaz boru xətti ilə qaz nəqli dayanıb. Almaniyanın kimya nəhəngi "BASF"ın nəzdində olan "Wintershall" da gündəlik 100 min barel olan istehsalını dayandırdığını açıqlayıb. Bu şirkətlərlə yanaşı gündəlik 33 min barel neft istehsal edən Avstriyanın neft şirkəti "OMV" ilə gündəlik 34 min barel istehsal edən İspaniyanın "Repsol YPF" də işlərinə fasilə verib.
Liviya iqtisadiyyatının bel sütununu neft təşkil edir. Xarici borcu yoxdur. Ölkədə adambaşına gəlir 12 min dollardır, amma gəlirin paylanmasında ədalətlilik prinsipi gözlənilmədiyindən yoxsulluq ciddi bir problemdir. Ölkədəki böhranın uzun sürməsi və neft istehsalının əvvəlki səviyyəsinə çıxarılmaması bu problemi daha da ciddiləşdirə bilər. Neft qiymətlərinə təsir edən ən böyük qorxu ərəb dünyasında başlayan bu xalq hərəkatının Liviyadan sonra digər neft ixracatçısı ölkələrə keçməsidir. Neft ixraç edən 12 ölkənin təmsil olunduğu OPEC dünya neft istehsalında və ixracında söz sahibidir. Təşkilatın Anqola, Nigeriya, Ekvador, Venezuela və İran xaricindəki 7 üzvü Orta Şərq və Şimal Afrikanın ərəb ölkələridir.
Dünya yaxın tarixdə iki böyük neft böhranı yaşayıb. Birincisi 1973-cü ildə baş verib. Yom Kippur döyüşündə ABŞ-ın İsrail ordusuna dəstək verməsinə cavab olaraq ərəb ölkələri İsrailin yanında olan ölkələrə embarqo elan etdi. Digər bir neft böhranına isə 1979-cu ildə İran-İraq müharibəsi səbəb oldu.
Son məlumatlara görə, OPEC-in dünya neft istehsalındakı payı 35 faizdir. Bu istehsalın təxminən üçdə birini isə Səudiyyə Ərəbistanı reallaşdırır. OPEC qlobal böhrandan sonra neft qiymətlərin yüksəlməsi ilə edilən "istehsalı artır" tələblərinə mənfi cavab vermişdi. Şimal Afrikada baş verən son hadisələrdən sonra OPEC-in necə davranacağı maraq doğurur. Təşkilat dünya neft tələbatının balanslaşdırılmasında həlledici rola və əhəmiyyətə sahibdir. Elə buna görədir ki, enerji bazarlarında OPEC üzvü ərəb ölkələrindəki proseslər maraqla izlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB