"Paşinyanın təklifi reallıqdan uzaq, danışıqlar prosesinə zərbədir” AÇIQLAMA-ÖZƏL

"Paşinyanın təklifi reallıqdan uzaq, danışıqlar prosesinə zərbədir” AÇIQLAMA-ÖZƏL

“Paşinyanın Dağlıq Qarabağda referendum keçirmək təklifi gülünc və absurddur. Çünki nə vaxtdan bir ölkənin vətəndaşları digərinin taleyini həll edir?” Bu fikirləri SİA-ya açıqlamasında politoloq, Qərbi kaspi Universitetinin professoru Fikrət Sadıqov deyib.

Verilən bəyanatın Paşinyan tərəfindən növbəti hoqqabazlıq olduğunu deyən politoloq söyləyib ki, əgər Dağlıq Qarabağda referendum keçirilərsə, o zaman tamamilə başqa formatda keçirilməlidir: “Dağlıq Qarabağ Azərbaycanın əzəli və əbədi torpağıdır və heç bir dövlətin, xüsusilə də Ermənistanın orada referendum keçirmək hüququ yoxdur”.

F.Sadıqov bildirib ki, görünür Azərbaycanın xarici siyasətində əldə etdiyi uğurlar Paşinyanı çox qıcıqlandırıb: “Ona görə də Paşinyan bu cür sərsəm bəyanatlar verir. Onun bu təklifi tam mənada reallıqdan uzaq, danışıqlar prosesinə aydın və birmənalı şəkildə zərbədir”.

Professor vurğulayıb ki, beynəlxalq təşkilatlar Ermənistanın baş nazirinin qanuna zidd bəyanatına mövqe bildirməlidirlər: “Rusiyanın XİN başçısı Sergey Lavrov son keçirilən mətbuat konfransında bildirdi ki, Paşinyanın təklifi kimi bəyanatlar heç də problemin həllinə gətirib çıxarmır. Artıq Ermənistanın yaxın müttəfiqi Rusiya da bu addımlardan narazılığını bildirir”.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ikili yanaşmaların hələ də davam etdiyini deyən F. Sadıqov qeyd edib ki, ABŞ Konqresində Azərbaycanın suveren ərazilərində yaradılmış qondarma qurumun “xarici işlər naziri”nin tədbir və görüşlərin keçirilməsi buna əyani sübutdur: “Düzdür, bu addım Azərbaycandan çox Trampa qarşı yönəlib. Çünki Konqreslə Tramp arasında müəyyən uçurum, qarşıdurma var. Amma ümumilikdə beynəlxalq münasibətlər sistemində hüquq normaları açıq şəkildə tapdalanır və ikilistandartlılıq hökm sürür”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə