Binəqədi rayonunda «Nəsimi İli» çərçivəsində «Azad Vətən, azad ruh» adlı tədbir keçirilib
Binəqədi rayon icra hakimiyyəti, YAP Binəqədi rayon təşkilatı və Binəqədi rayon gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə keçirilən «Nəsimi dühası-650 il» adlı layihə çərçivəsində 182 nömrəli tam orta məktəbdə növbəti təqdimat baş tutub və geniş bədii hissə təqdim edilib.
Bədii hissədə 179, 182 və 205 nömrəli tam orta məktəblərin birgə təşkilatçılığı ilə şagirdlərinin ifasında Fikrət Əmirovun «Nəsimi» dastanı («Nəsiminin üsyanı»), Teymurləng və Nəsiminin dialoqu, Şirvanşah və Nəsiminin qarşılaşması, Nəsimi və dərvişlər filmindən kompozisiya şəklində, «Sığmazam» qəzəli musiqi fonunda təqdim edildi.
Tədbirdə çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov bildirib ki, İmadəddin Nəsimi Azərbaycan yazılı ədəbi dilinin ilk və ən gözəl nümunələrini yaradan, öz mütərəqqi fikirləri ilə bütün Yaxın Şərqdə şöhrət qazanan, mərdlik, fədakarlıq və iradə rəmzi kimi adı dillərdə dolaşan böyük Azərbaycan şairi və mütəfəkkiridir: «Onun yüksək poetik sənətkarlığı, dilinin şirinliyi, heyrətamiz poetik ritmikası bu gün də öz xalqına xidmət edir. Dövləti və xalqı onu daim xatırlayır və əziz xatirəsini ehtiramla yad edir. Bu ehtiramın ən bariz təzahürü dövlət başçısı tərəfindən 2019-cu ilin «Nəsimi İli» elan edilməsi ilə bağlı imzalanan Sərəncam və keçirilən silsilə uğurlu layihələrdir.»
Nəsimişünas Esmira Şıxıyeva çıxış edərək, 30 ilə yaxındır ki, Nəsiminin yaradıcılığını araşdırdığını bildirib. Qeyd edib ki, Nəsimi dünya ədəbiyyatına nadir incilər bəxş etmiş ümumbəşəri şairdir. O, təkcə Azərbaycan üçün deyil, bütün bəşəriyyət üçün sərvətdir. Təbii ki, xalqımız da dünyaya Nəsimi kimi dühalar bəxş etdiyi üçün qürur duymalıdır.
Tədbirin sonunda xatirə şəkli çəkdirilib. Qonaqlara xatirə hədiyyələri təqdim edilib.
ZÜMRÜD BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB