“Müxalifətin acınacaqlı durumunun səbəbi elə o müxalifətin öz günahıdır” RƏY-ÖZƏL
"Azərbaycanda müxalifətin durumu, insanların müxalifətə münasibəti hamımıza məlumdur". Bunu SİA-ya açıqlamasında AGAAMC-in sədri, fəlsəfə doktoru, İlqar Orucov deyib.
Onun sözlərinə görə, müxalifətin acınacaqlı durumunun səbəbi elə o müxalifətin öz günahıdır: "İlk öncə ona görə ki, müxalifətin başında dayanan insanlar indiyədək məşğul olduqları siyasətlə ətraflarındakı insanlardan ən iyrənc formada istifadə etdilər. Bacarıqsız insan harada olursa-olsun həmin mühitə ancaq uğursuzluq gətirəcək və günahı da öz bacarıqsızlığında deyil, ətrafında axtarmağa üstünlük verir. Bizim müxalifətin real durumu yaxın vaxtlarda yeni müxalifətin yaranması zərurətini qaçılmaz edir. Bunu onların özləri də yaxşı başa düşürlər və müxtəlif formada, formatda manevrlərlə guya var olduqlarını və yeni nəsil intellektuallardan, tərcümeyi-halı korlanmamış insanlardan ibarət yeni müxalifətin yaranması prosesinin qarşısını almaq istəyirlər. Özləri də yaxşı anlayırlar ki, yeni yaranacaq konstruktiv müxalifət bu dağıdıcı, radikal, uğursuz meydan “qəhrəmanlarını” birdəfəlik süpürüb atacaqdır. Arif Hacılının birlik ideyası da yuxarıda qeyd etdiyim prosesə mane olmaq cəhdindən başqa bir şey deyildir. Ümumiyyətlə isə bu qüvvələrin birliyinin reallaşması özlüyündə absurd bir ideyadır. Dəfələrlə biz bu kimi çağırışları eşitmişik və qısa bir zaman keçəndən sonra bu qüvvələr bir-birinin ünvanına ən kəskin ittihamlar, söyüş və təhqirlər səsləndirmişlər. Bugünkü müxalifətin hər biri digərinə düşmən gözü ilə baxır və onları birləşdirəcək vahid ideya bu günə qədər yoxdur. O zaman sual olunur: bunlar nəyin ətrafında birləşirlər və yaxud, hər zamankı birləşmək çağırışından Arif Hacılının hazırkı birləşmək çağırışı nə ilə fərqlənir? Belə bir çağırışı biz bir müddət öncə konkret cinayət əməlinə görə həbsdə yatmış İsgəndər Həmidovdan eşitdik. Qısa bir zamanda yaratdıqları “hərəkatın” iclaslarında bir-birilərini mənəviyyatlarına və tərbiyələrinə uyğun şəkildə küçə davranışları ilə təhqir etdikləri görüntülərini əks etdirən videoları yayılanda normal düşüncəli hər bir insan bu başıpozuqların heç qəbirdə də düzəlməyəcəkləri qənaətinə gəlməyə bilməzdi. Bu tip qüvvələrə kimdir dəstək verən? Əlbəttə özləri ilə eyni düşüncədə olan beş-on nəfər".
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB