Martın 4-də Oğuz rayonunda əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərovun sədrliyi ilə nazirliyin bu bölgədə yerləşən rayonlarındakı strukturlarının fəaliyyətində şəffaflığın təminatı və əhaliyə göstərilən xidmətin vəziyyətinə həsr olunmuş Zona müşavirəsi keçirilib.
Nazirliyin ictimaiyyətlə əlaqələr sektorundan SİA-ya verilən xəbərə görə, Prezident İlham Əliyevin "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışının dövlət orqanları qarşısında yeni məsul vəzifər müəyyən etdiyini vurğulayan nazir Fizuli Ələkbərov son iki ildə ölkə iqtisadiyyatında, həmçinin sosial sahədə əldə olunan nailiyyətləri diqqətə çatdırıb, əhaliyə xidmətin yaxşılaşdırılmasının, görülən işlərdə şəffaflığın təminatının, korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsinin dövlət başçısının daim diqqətində olduğunu bildirib.
Ünvanlı dövlət sosial yardımının təyinatı və ödənişi, tibbi-sosial ekspertiza müayinələrinin aparılması, əlillərin reabilitasiyası, işsiz və işaxtaran vətəndaşların məşğulluğunun təminatı, iş yerlərində əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi sahələrində şəffaflığın artırılmasının vacibliyini qeyd edən nazir dövlət qayğısının əhaliyə çatdırılmasında hər hansı qanunsuzluq halına, korrupsiya faktına, məsuliyyətsizliyə yol verən işçilərlə bağlı ciddi tədbirlər görüləcəyini deyib.
Nazir Fizuli Ələkbərov ünvanlı dövlət sosial yardımının ödənişində hətta ucqar yaşayış məntəqələrində yaşayanlar da əhatə edilməklə kart sisteminin tam tətbiq edilməsini, ünvanlı yardım təyin olunanlara ödəniş kartlarının artıq Əhalinin Sosial Müdafiəsi Mərkəzləri tərəfindən deyil, məhz banklar tərəfindən təqdim olunmasını tapşıraraq, hər hansı mərkəzdə bir ədəd belə kart aşkar edildiyi halda, həmçinin əlillik təyinatında qanunsuzluğa yol verildiyi təqdirdə bu barədə dərhal hüquq-muhafizə orqanlarına müraciət olunacağını bildirib.
Fizuli Ələkbərov aktiv məşğulluq tədbirlərin gücləndirilməsi, iş yerlərində əmək müqavilələrinin bağlanılmasına və qeyri-leqal əmək fəaliyyətinin aşkarlanmasına nəzarətin artırılması, işəgötürənlərlə əməkdaşlq şəraitində peşə hazırlığı işinin daha gücləndirilməsi, yeni sınaq işlərinə başlanılan "özünədəstək" layihəsinin icra mexanizminin sadələşdirilməsi, bu sahədə də ictimai nəzarət imkanlarının daha da genişləndirilməsi barədə ciddi tapşırıqlar verib.
Sonra nazir Fizuli Ələkbərov bölgədə yaşayan ayrı-ayrı vətəndaşları qəbul edərək, onların müraciətlərini dinləyib və bu müraciətlərdə qaldırılan məsələlərin qanunamüvafiq həlli brədə müvafiq strukturların məsul şəxslərinə tapşırıqlar verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB