Azərbaycanda müharibə əlili vəfat etdiyi halda güzəştli mənzil uçotu onun ailə üzvləri üçün saxlanılacaq

Azərbaycanda müharibə əlili vəfat etdiyi halda güzəştli mənzil uçotu onun ailə üzvləri üçün saxlanılacaq

Milli Məclisin (MM) bu gün keçirilən iclasında "Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında" qanununa əlavə edilməsi barədə qanun layihəsi müzakirə olunub. SİA-nın xəbərinə görə, millət vəkilləri layihə ilə bağlı fikirlərini bildirəndən sonra səsvermə keçirilib, sənəd qəbul olunub.

 

Qanuna əsasən mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində uçota durmuş müharibə əlili vəfat etdiyi halda, güzəştli mənzil uçotu onun ailə üzvləri üçün saxlanılacaq. Yəni dünyasını dəyişən müharibə əlillərinin ailələri mənzil almaq hüququndan istifadə edə biləcəklər.

 

Eyni zamanda Azərbaycan Milli Məclisi "Yol hərəkəti haqqında" qanuna əlavələri təsdiqləyib. Sahibinin mülki məsuliyyəti Azərbaycan qanunvericiliyinə uyğun olaraq sığorta edilmiş nəqliyyat vasitələri respublika ərazisində yol hərəkətində iştiraka buraxılacaq. Əlavələrə əsasən, nəqliyyat vasitələrinin texniki vəziyyəti və onların texniki baxışdan keçirilməsi üçün sahibləri müvafiq sənədlərlə yanaşı nəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsinin bağlanılması faktını təsdiq edən sığorta şəhadətnaməsini də təqdim etməlidir.

 

Bundan başqa, əlavəyə əsasən, sürücülər marşruta çıxdıqda belə sığorta şəhadətnaməsini özləri ilə götürməlidirlər.

 

Azərbaycan Milli Məclisi (MM) "Əməliyyat-axtarış fəaliyyəti haqqında" qanuna, Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında qanun layihəsini təsdiqləyib. "Əməliyyat-axtarış fəaliyyəti haqqında" qanuna təklif edilən dəyişikliyə görə, gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələr mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyalara aiddir. Əməliyyat axtarış fəaliyyətinin həyata keçirilməsinə müvəkkil edilməmiş fiziki və hüquqi şəxslər tərəfindən onların istehsalı, satışı, əldə edilməsi, ölkəyə gətirilməsi və ölkədən çıxarılması yalnız qanunvericiliklə müəyyən edilmiş qaydada verilən xüsusi icazə əsasında həyata keçirilə bilər.

 

Cinayət Məcəlləsinə təklif edilən əlavəyə əsasən gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri qanunsuz olaraq istehsal etmə, satma və ya satış məqsədi ilə əldə etməyə görə 1000 manatdan 5 min manatadək miqdarda cərimə və ya 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

 

İnzibati Xətalar Məcəlləsinə edilən əlavəyə əsasən gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri satış məqsədi olmadan qanunsuz əldə etməyə görə, həmin texniki vasitələr müsadirə edilməklə 200 manatdan 400 manatadək cərimə ediləcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə