Bakıda bələdiyyə seçkiləri ilə bağlı seminar keçirilib TƏDBİR

Bakıda bələdiyyə seçkiləri ilə bağlı seminar keçirilib TƏDBİR

2019-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyası müxtəlif statuslu seçki subyektlərinin maarifləndirilməsi məqsədi ilə ardıcıl və sistemli şəkildə genişmiqyaslı layihələr gerçəkləşdirməkdədir.

Mərkəzi Seçki Komissiyasının təşkilatçılığı ilə noyabrın 4-də Bakı şəhərində Park İnn hotelində seçkilərlə bağlı müraciətlərin araşdırılmasına həsr olunan seminar keçirilib. Vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədi ilə dairə seçki komissiyaları nəzdində fəaliyyət göstərən ekspert qrupu üzvlərinin maarifləndirilməsi və fəaliyyətlərinin daha da təkmilləşdirilməsinə yönələn tədbirdə Mərkəzi Seçki Komissiyasının üzvləri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi, Mərkəzi Seçki Komissiyasınəzdində ekspert qrupunun üzvləri və Katibliyin təmsilçiləri iştirak edib.

Mərkəzi Seçki Komissiyası sədrinin müavini Rövzət Qasımovun açılış nitqi ilə başlayan seminarda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov, Mərkəzi Seçki Komissiyasının və Komissiya nəzdində ekspert qrupunun üzvləri Bəxşeyiş Əsgərov və Ramiz İbrahimovun vətəndaşların seçki hüquqlarının pozulması ilə əlaqədar müraciətlərə baxılmasına dair müxtəlif mövzularda məruzələri dinlənilib və təqdimatlar keçirilib.

Gündəliyə uyğun olaraq, seminarın praktiki hissəsində mövzular ətrafında müzakirələr aparılıb, kazuslar üzrə müxtəlif şikayət nümunələri nəzərdən keçirilirək əhatə olunan məsələlər əyani şəkildə hərtərəfli izah edilib.

Kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılan maarifləndirmə tədbiri 48 seçki dairəsinin dairə seçki komissiyaları üzrə 130 ekspert qrupu üzvünün qanunvericiliyin tələbləri ilə yaxından tanış olmalarına vəseçkilərə dair müraciətlərə baxılması ilə bağlı hərtərəfli məlumat əldə etmələrinə imkan yaradıb.

Xatırladaq ki, seçkilərlə bağlı müraciətlərə baxılmasına həsr olunan regional seminarlar Mərkəzi Seçki Komissiyasının təşkilatçılığı ilə oktyabrın 29-da Gəncədə, 31-də Şəkidə və noyabrın 2-də Masallı şəhərində də keçirilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə