"Prezidentin bu nitqi bütün məmurlara ötürülən bir mesajdır" ÖZƏL-MÜNASİBƏT

"Prezidentin bu nitqi bütün məmurlara ötürülən bir mesajdır" ÖZƏL-MÜNASİBƏT

“Prezident İlham Əliyev iki rayona yeni icra başçısı təyin etdi. Və onları qəbul edib, tapşırıqlarını verdi. Prezident məmurlara korrupsiyaya, rüşvətxorluğa qarşı Azərbaycanda amansız mübarizə aparılmalı olduğunu bildirdi”. Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

“Eyni zamanda siz vətəndaşlarla daim ünsiyyət əsnasında rayonun problemlərini və vətəndaşları narahat edən məsələləri daha dərindən öyrənib adekvat tədbirlər görməlisiniz. Bütün xoşagəlməz hallara son qoyulmalıdır, rüşvətxorluq, korrupsiya tamamilə yığışdırılmalıdır. Mən sizə şəxsən bu göstərişi verirəm. Əgər eşitsəm, bilsəm ki, əyri yola gedirsiniz, onda siz çox ciddi cəzalandırılacaqsınız. Bunu bəri başdan bilin və bütün başqa yerli icra orqanlarının nümayəndələri, rəhbərləri məni yaxşı eşitsinlər Bu yara bizim inkişafımızı ləngidir və gələcəyə olan planlarımızı sarsıda bilər. Düzdür, bu bəla hər bir ölkədə var. Amma əsas məsələ ondadır ki, rəhbərlik bu məsələyə necə münasibət göstərir. Azərbaycanda şəffaflıq, dürüstlük hər bir dövlət məmuru üçün həyat tərzi olmalıdır. Ona görə bu məsələ ilə bağlı aidiyyəti dövlət qurumları ilə birlikdə çox ciddi fəaliyyət göstərməlisiniz, tamamilə şəffaf vəziyyət yaradılmalıdır", - deyə dövlət başçısı qeyd edib.

Prezidentin son çıxışında səsləndirdiyi rüşvətxorluq və korrupsiya qarşı mübarizə məsələsinə münasibət bildirən millət vəkili Azər Badamov deyib ki, Prezidentin bu nitqi bütün məmurlara ötürülən bir mesajdır: “Cənab Prezident iki rayona icra başçısı təyin etdi. Onları şəxsən qəbul edib tapşırıqlarını verdi. Bu, tək iki icra başçısına yox, bütün məmurlara verilən tapşırıq idi. Dövlət başçısı qeyd etdi ki, bütün kəndləri gəzməlisiniz, insanların yanında olmalısınız, onlara xidmət etməlisiniz, regionların sosial-iqtisadi vəziyyətinin yüksəltməlisiniz. Bu tapşırıq imkan verir ki, Azərbaycan dövlət olaraq vətəndaşının sosial rifahının yüksəldilməsi üçün əvəzssiz rol oynayacaq. Birbaşa məmurlara ötürülən bu mesadan hər kəs özü üçün nəsə götürəcək. Məmur-vətəndaş münasibətlərində daha səmimi, şəffaf ünsiyyətin qurulmasının lazımlı olması ilə yanaşı, rüşvətxorluq-korrupsiya ilə mübarizə aparmaq çox ciddi diqqət yetirilməli məqamdır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə