Akademik Milli Dram Teatrı bir əsrlik tarixi yolda

Akademik Milli Dram Teatrı bir əsrlik tarixi yolda

Dövlət başçısının sərəncamı ilə teatr sənətinin inkişafında xidmətlərinə görə bir neçə sənətkar fəxri ad və mükafatlara layiq görülüb

Son illər Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlar və fərmanlar Azərbaycan dövlətinin inkişafına, onun sosial-iqtisadi bazasının yüksəlməsinə, regionların sosial-iqtisadi inkişafına, insanların rifah halının yüksəldilməsi istiqamətində səhiyyədə yeni islahatların həyata keçirilməsinə və s. yönəlmişdir. Eyni zamanda, bu sərəncamlar dövlətin təməlinin möhkəmlənməsinə və Azərbaycanın dünyaya inteqrasiya tempinin artmasına töhfələrini verir. Dövlət başçısının imzaladığı sərəncamlar sırasında Azərbaycanın milli-mənəvi dəyərlərinin keşiyində duran və onun inkişafına ömrünü həsr edən ziyalıların yubiley mərasimlərinin keçirilməsi, fəxri ad və mükafatların verilməsi də xüsusi yer tutur. Oktyabrın 29-da Cənab Prezidentin imzaladığı sərəncamlarla, məhz milli mədəniyyətimizin, teatrın inkişafına böyük təkanlar verən sənətkarlar fəxri adlar və mükafatlara layiq görülüblər. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyi münasibətilə və Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə teatrın bir neçə əməkdaşı «Şöhrət» ordeni, «Tərəqqi» medalı, «Xalq artisti», «Əməkdar artist» fəxri ad və mükafatlara layiq görülüblər.
Xatırladaq ki, ötən əsrin əvvəllərində Azərbaycan öz müstəqilliyini qazandıqdan sonra ölkənin bir çox sahələrində olduğu kimi, teatr sənətimizin inkişafında da mühüm işlər həyata keçirildi. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti pərakəndə fəaliyyət göstərən teatr truppalarını birləşdirərək Dövlət Teatrını yaratdı. 1919-cu il oktyabrın 24-də Azərbaycan Xalq Cümhuriyyətinin bütün dövlət və hökumət rəhbərlərinin iştirakı ilə Dövlət Teatrının rəsmi açılışı oldu. Azərbaycanda peşəkar teatr sənətinin inkişafı Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Cəfər Cabbarlı kimi böyük sənətkarların xalqımızın tarixi keçmişini, məruz qaldığı sarsıntıları, xeyirlə şərin qarşıdurması ilə bağlı fəlsəfi düşüncələri canlandıran səhnə əsərləri ilə böyük vüsət aldı. Sovet hakimiyyəti illərində Azərbaycan teatrı yad ideoloji təsirlərə məruz qalsa da, öz ğilli varlığını qoruyub-saxlaya bilmiş və respublikanın mədəni həyatında fəal rol oynamışdır.
Azərbaycan teatrının coğrafiyası genişlənərək respublikanın demək olar ki, bütün bölgələrini əhatə etdi. Teatrların repertuarları dünya ədəbiyyatının gözəl nümunələri ilə yanaşı, Səməd Vurğun, Süleyman Rüstəm, Sabit Rəhman, Mirzə İbrahimov, İlyas Əfəndiyev və başqalarının əsərləri ilə daha da zənginləşdi. Həmin dövrdə tamaşaçıların sonsuz məhəbbət və rəğbətini qazanmış Mərziyə Davudova, Rza Təhmasib, İsmayıl Hidayətzadə, Kazım Ziya , Rza Əfqanlı, Mustafa Mərdanov, Fatma Qədri, İsmayıl Dağıstanlı, Ağadadaş Qurbanov, Adil İsgəndərov, Ələsgər Ələkbərov, Ağasadıq Gəraybəyli, Möhsün Sənani, İsmayıl Osmanlı, Hökümə Qurbanova, Münəvvər Kələntərli, Lütfəli Abdullayev, Bəşir Səfəroğlu, Barat Şəkinskaya, Leyla Bədirbəyli, Nəsibə Zeynalova, başqa aktyor və rejissorların adları Azərbaycan teatr sənəti tarixinə həmişəlik həkk olunmuşdur.
Böyük inkişaf yolu keçən teatrın yaranma tarixindən artıq 100 il ötür. Bildiyimiz kimi, bu münasibətlə Prezident İlham Əliyev Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalamışdı. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı yarandığı vaxtdan etibarən klassik ənənələrə əsaslanmaqla yanaşı, müasir səhnə mədəniyyətinin zirvələrinə doğru inamla irəliləyərək, qısa müddətdə zəngin inkişaf yolu keçmişdir. Ötən dövr ərzində nailiyyətlər qazanan teatr xalqın ədəbi sərvətinə çevrilmiş və ölkənin ictimai-mədəni həyatında layiqli mövqe tutmuşdur. Sənətsevərlər Azərbaycan dramaturgiyasının bütün diqqətəlayiq nümunələri ilə, məhz Akademik Milli Dram Teatrının dolğun repertuarı sayəsində yaxından tanış olmaq imkanı əldə etmişlər. Milli Dram Teatrı, eyni zamanda, dünya dramaturji irsində fəxri yer tutan və ümumbəşəri ideallar ifadə edən qiymətli əsərləri səhnələşdirməklə, Azərbaycan səhnə sənətinin dünya mədəniyyəti ilə daha da yaxınlaşmasında fəal rol oynamışdır. Teatrın səhnəsində bədii-estetik dəyəri ilə seçilərək uzun illər repertuardan düşməyən və böyük uğurla nümayiş etdirilərək tamaşaçı yaddaşında silinməz iz qoyan həmin əsərlər ölkə teatrı salnaməsinin parlaq səhifələrini təşkil edir. Teatrın səhnə həyatı verdiyi mütərəqqi ideyalı əsərlərin cəmiyyətdə yüksək mənəvi keyfiyyətlərin təlqin olunması və estetik zövqün formalaşdırılmasında, xüsusən, gənc nəslin vətənpərvərlik və əxlaqi dəyərlərə bağlılıq ruhunda tərbiyəsində mühüm rolu vardır. Teatr, həmçinin, beynəlxalq festivallardakı çıxışları ilə ölkənin mədəni nailiyyətlərinin təbliğində yaxından iştirak edir.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə