Martın 3-də Vyanada ATƏT-in Daimi Şurasının növbəti iclası keçirilmişdir. İclasda məruzəçi qismində Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan çıxış etmiş, ölkəsinin xarici siyasətinin hədəfləri, beynəlxalq təşkilatlarla, o cümlədən ATƏT-lə əməkdaşlığından danışıb. SİA-nın xəbərinə görə, erməni nazir çıxışının əsas hissəsini Ermənistan-Azərbaycan münaqişəsinə həsr etmiş və həmişəki kimi, Azərbaycanın ünvanına ittihamlar yağdırıb.
Azərbaycan nümayəndə heyətinin üzvləri Ermənistan xarici işlər nazirinin çıxışına və əsassız ittihamlarına münasibət bildiriblər. Qeyd edilib ki, Ermənistanın xarici işlər nazirinin münaqişə ilə bağlı çıxışında söylədikləri Soçi görüşü ərəfəsində ab-havanın korlanmasına xidmət edir. Sonra Azərbaycan tərəfinin münaqişənin nizamlanmasına dair beynəlxalq hüququn norma və prinsiplərinə və xüsusilə də 1975-ci il Helsinki Yekun Aktının prinsiplərinə əsaslanan mövqeyi yenidən vurğulanıb.
Daha sonra bildirilib ki, 2009-cu ilin sonu - 2010-cu ilin əvvəlində Azərbaycan və Ermənistana təqdim edilmiş Madrid sənədinin yeniləşmiş versiyasına Azərbaycan prinsipial razılığını çoxdan vermiş, lakin Ermənistan bu təklifi ötən il prezidentlərin Soçidə keçirilmiş görüşündə rədd edib. Azərbaycan nümayəndəsi bildirib ki, yalnız azərbaycanlı olduqlarına görə yüz minlərlə insanı öz doğma torpağından və əmlakından məhrum edən və hətta öz müxalifəti tərəfindən də rasizm kimi tənqid olunmuş "etno-dini njdeizm"i dövlət siyasəti elan edən Ermənistanın xarici işlər nazirinin insan hüquqlarından danışması gülüncdür. İşğal olunmuş Azərbaycan ərazilərində bir azərbaycanlı da qalmamışdır və onların öz torpaqlarına qayıtması məsələsi Ermənistanın qəbuledilməz və məntiqəzidd siyasi məqsədlərinin girovuna çevrilib.
Qeyd edək ki, Ermənistanın xarici işlər naziri martın 2-də Vyana Diplomatiya Akademiyasında məruzəsi zamanı da Azərbaycana qarşı ittihamlar səsləndirib. Azərbaycan diplomatları sual-cavab sessiyası zamanı söz alaraq, Ermənistan nazirinin çıxışının təhriflərlə dolu olduğunu ifşa etmək üçün bir sıra şərhlər və suallar veriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB