Rəsul Quliyevin AXCP-“Milli Şura” cütlüyünə ittihamları cavabsız qaldı MÜXALİFƏT

Rəsul Quliyevin AXCP-“Milli Şura” cütlüyünə ittihamları cavabsız qaldı MÜXALİFƏT

Eks-spiker isə, davam edir...

ABŞ-da yaşayan sabiq spiker Rəsul Quliyevin AXCP və “Milli Şura”ya qarşı irəl sürdüyü ittihamları davam edir. Belə ki, bir müddət öncə Əli Kərimlini və Cəmil Həsənlini cizgi filmlərinin qəhrəmanlarına bənzədən R.Quliyev bu şəxsləri bir sıra etiraflar etməyə çağırıb.

Digər tərəfdən, hakimiyyətin onlara mitinq keçirmək üçün yer təklif etməsini də xatırladan eks-spiker, onların həmin təklifdən imtina edib, icazəsiz aksiyalar keçirmək cəhdlərinin heç bir nəticə verməyəcəyi proqnozunu verib. Hətta iddia edib ki, Ə. Kərimli zaman-zaman özünə və ətrafındakı beş-on nəfərə guya hakimiyyətin onlardan “qorxduğunu” sırımağa çalışırsa, daha çox istehza obyektinə çevrilir.

Eks-spiker: “Onların hərəkətləri istehza doğurur”

“Milli Şura”nın keçirdiyi mitinq xalqın oyanmağı anlamına gələ bilməz”, deyən R.Quliyev əlavə edib ki, 300-500 adamın küçəyə çıxmasını “xalq ayağa qalxdı” və “hökumət xalqın qəzəbindən qorxub qaçmağa hazırlaşır” kimi qələmə vermək həm ölkə daxilində, həm də beynəlxalq aləmdə istehza doğurur. Ona görə də, eks-spiker müxalifətin “xalq ayağa qalxıb” iddiası ətrafındakı oyunbazlıqlarını sadəcə blef adlandırıb.

Beləliklə, R. Quliyev həmin vasitə ilə qarşı tərəfə anlatmağa çalışıb ki, bu kimi cəhdlər, dağıdıcılıq və utopiyaya söykənən iddialar özlərini zorla ictimai rəyə sırımağa cəhd edən radikalların son nəfəsləridir və bu son nəfəs həm də bütövlükdə dağıdıcılıq siyasətinin sonudur. Hər halda, müxalifətin içində olan birinin bu cür fikir bildirməsi də maraqlıdır.

AMİP: “Qarşıdurmaya gedib, gərginlik yaratmaları onlara heç bir fayda verməyəcək”

Bu arada, digər müxalifətçi funksioner, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) siyasi surasının üzvü Əli Orucov da radikalların davranışlarını pisləyən fikirlərlə çıxış edib. O, mətbuata verdiyi açıqlamasında deyib ki, ölkədə qarşıdurma yolverilməzdir. Onun sözlərinə görə, hər bir partiya istiqamətini, hədəflərini, mübarizə vasitələrini özü müəyyənləşdirir: "AMİP-in gündəmində mitinq keçirmək məsələsi yoxdur. Ölkədə qarşıdurmadan çəkinmək lazımdır, dialoq mühiti olmalıdır”.

Ə.Orucov onu da bildirib ki, dağıdıcıların qarşıdurmaya gedib, gərginlik yaratmaları onlara heç bir fayda verməyəcək.

Fakt isə budur ki, artıq düşərgənin daxilində də müəyyən qüvvələr var ki, onlar AXCP-“Milli Şura” cütlüyünün cəhdlərini nəinki dəstəkləmir, üstəlik qaragüruhçu müxalifəti şiddətlə qınayır, dövlətçilik maraqlarına qarşı çıxdıqlarını bu və ya digər şəkildə deyirlər.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə