Azay Quliyev Novella Cəfəroğlunu 70 illik yubileyi münasibətilə təbrik edib
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Dilarə Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri xanım Novella Cəfəroğluna təbrik məktubu ünvanlayıb
SİA-nın məlumatına görə, təbrikdə bildirilir: "Hörmətli Novella xanım!
70 illik yubileyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir və səmərəli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram. Siz Azərbaycan milli istiqlal hərəkatının fəallarından olaraq, ömrünüzün böyük bir hissəsini xalqımızın azadlıq ideallarının gerçəkləşməsinə sərf etmisiniz. Həmişə, hər bir ölkədə olduğu kimi, Sizin də keçdiyiniz bu mübarizə yolu çətinliklər, məhdudiyyətlər və məhrumiyyətlərlə zəngin olub. Ancaq Siz öz fədakarlığı, xeyirxahlığı, əqidə bütövlüyü və qətiyyəti sayəsində bu çətin və şərəfli yolu uğurla keçənlərdənsiniz.
Rəhbərlik etdiyiniz D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarını Müdafiə Cəmiyyəti iyirmi ildən artıqdır ki, ölkəmizdə insan hüquqlarını müdafiə edir. Yenicə dövlət müstəqilliyi əldə etmiş ölkələrdə pozulan insan hüquqlarının müdafiəsi öz-özlüyündə ağır bir ictimai prosesdir. Azərbaycanın demokratik inkişaf yolunu seçməsi, Avropa strukturlarına inteqrasiyası bu çətin və humanist missiyanın Sizin kimi fədakar insanlar tərəfindən uğurla yerinə yetirilməsini şərtləndirir. İnanırıq ki, Siz və həmkarlarınız bu sahədə daha böyük uğurlar qazanacaqsınız".
"Hörmətli Novella xanım! Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Sizinlə əməkdaşlıqdan böyük məmnunluq duyur və həyata keçirdiyiniz layihələrə daim dəstək verir. Əmin ola bilərsiniz ki, Şura bundan sonra da ölkəmizdə ictimai sektorun inkişaf etdirilməsi və insan hüquqlarının daha ciddi səylərlə qorunması üçün göstərdiyiniz bütün təşəbbüsləri dəstəkləyəcəkdir. Bir daha Sizi yubileyiniz münasibətilə ürəkdən təbrik edir, Sizə can sağlığı, uzun ömür və işlərinizdə böyük nailiyyətlər arzulayıram", təbrik məktubunda deyilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB