Cümhuriyyətin mübarək Türkiyə!

Bu gün qardaş Türkiyədə Cümhuriyyətin qurulmasının 96 illiyi qeyd olunur. SİA-nın verdiyi məlumata görə, Yaxın Şərqin ən böyük və qüdrətli ölkələrindən olan Türkiyə Respublikası bu gün həm Şərqdə, həm də dünyada söz sahibi olan ölkəyə çevrilib. Lakin bugünkü qüdrət Türkiyəyə və türk xalqına heç də asanlıqla başa gəlməyib. Belə ki, hələ 96 il əvvəl Osmanlı imperiyasının zəifləməsindən sonra ölkə 5 ayrı dövlətin işğalından yaxa qurtararaq, minlərlə şəhidin qanı bahasına, aparılan amansız savaşlardan sonra qələbə qazanaraq mübariz Türkiyə Cümhuriyyəti yaradılıb.

Anadoluda türk milli mübarizəsi Mustafa Kamal Atatürk və yoldaşlarının Türkiyə Böyük Millət Məclisini qurması ilə özünün ən pik nöqtəsinə çatdı. Ermənistan–Türkiyə, Fransa–Türkiyə, Yunanıstan–Türkiyə müharibələrindən sonra, bundan əvvəl I Dünya Müharibəsindən məğlub ayrılmış Osmanlı dövlətinin imzaladığı Sevr müqaviləsi qüvvədən düşdü. Əslində bu milli mübarizənin başlanmasının əsas səbəblərindən biri də Sevr müqaviləsi idi. Uğurlu hərbi əməliyyatlardan sonra Şərq cəbhəsindəki döyüşlərin nəticəsi kimi Qars müqaviləsi 1921-ci ilin oktyabr ayında imzalanıb. 1922-ci il boyunca Mustafa Kamal Atatürkün rəhbərliyi altında aparılan hərbi əməliyyatlar tam uğurla yekunlaşdırılıb. Nəticədə 1923-cü ilin iyulunda Lozanna sülh müqaviləsi imzalanıb və Antanta (Müttəfiqlər) Anadolunu və Şərqi Frakiyanı tamamilə tərk ediblər.

Türkiyə Böyük Millət Məclisi 1923-cü ilin 29 oktyabrında Türkiyə Respublikasınının yaradıldığını elan edib.

Məhz bu gün hər il qardaş Türkiyədə bayram kimi qeyd olunur.

Cümhuriyyətin mübarək Türkiyə!

Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə