"Ermənistan növbəti dəfə dünya siyasətində təkləndi" RƏY-ÖZƏL

"Ermənistan növbəti dəfə dünya siyasətində təkləndi" RƏY-ÖZƏL

“Qoşulmama Hərəkatının Bakıda keçirilən sammitində Ermənistan növbəti dəfə dünya siyasətində təkləndi. Belə ki, 120 ölkə, yəni BMT-nin 60 faizdən çox üzvü Azərbaycana dəstək oldu. Bu o deməkdir ki, Ermənistanın siyasəti geniş coğrafiyada qəbul olunmur”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

O bildirib ki, digər tərəfdən Ermənistan həmin bu təşkilatın müşahidəçi qismində iştirak edir: “Bu da ona işarədir ki, Ermənistan gələcəkdə də bu təşkilatda müəyyən rol oynamaq, hansısa formada fəallıq göstərmək istəyirsə, bu mövqeyi nəzərə almalıdır. Əgər nəzərə almasa, biz hətta təşkilat qarşısında tələb irəli sürə bilərik ki, Ermənistan ümumiyyətlə, bu hərəkatdan uzaqlaşdırılsın”.

Politoloq söyləyib ki, hər halda qəsbkar, QH-nın əsas norma və prinsiplərini pozan ölkə hərəkatda heç müşahidəçi qismində də qala bilməz: “Belə halda Ermənistan daha da təklənəcək və dünya siyasətində manevr imkanları azalacaq. Nəzərə almaq lazımdır ki, müharibə ancaq səngərlərdə getmir, həm də diplomatik savaş gedir və diplomatik savaşda əldə olunan hər bir uğura sevinməliyik. Bu son tədbirdə qəbul olunmuş qətnamələr və qərarlar onu göstərir ki, Azərbaycan diplomtik savaşda üstünlüyü əldə saxlayır və bu bizə imkan verir ki, ermənilərə və Ermənistana təzyiqlərimizi diplomatik vasitələrlə artıra bilək”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə