“Azərbaycan mediasında redaksiya azadlığı, etika və şəffaflıq” mövzusunda beynəlxalq konfrans işini davam etdirib

“Azərbaycan mediasında redaksiya azadlığı, etika və şəffaflıq” mövzusunda beynəlxalq konfrans işini davam etdirib

"Azərbaycan mediasında redaksiya azadlığı, etika və şəffaflıq" mövzusunda iki günlük beynəlxalq konfrans bu gün də işini davam etdirib. SİA-nın məlumatına görə, Beynəlxalq Jurnalistlər Federasiyasının, Beynəlxalq Avrasiya Mətbuat Fondunun, Demokratik Jurnalistlər Liqasının, Jurnalistlərin Həmkarlar İttifaqının və "RUH" Azərbaycan Jurnalistləri Müdaifə Komitəsinin Avropa Komissiyasının maliyyə dəstəyi ilə reallaşdırdıqları "Etik jurnalist təşəbbüsləri - Azərbaycan" layihəsi çərçivəsində keçirilən konfransda xarici və yerli ekspertlər, kütləvi informasiya vasitələri rəhbərləri, jurnalist təşkilatları nümayəndələri, dövlət rəsmiləri və ictimai-siyasi xadimlər iştirak edib.

 

Konfransın ikinci günündə keçirilən birinci sessiyaya "Ayna-Zerkalo" qəzetinin baş redaktoru Elçin Şıxlı sədrlik edib. "Azərbaycan mediasında redaksiya müstəqilliyi" mövzusundakı sessiyada əsas çıxışı "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid edib. O, bildirib ki, redaksiyanın müstəqilliyindən danışmaq üçün ilk növbədə iqtisadi müstəqillikdən danışmaq lazımdır. Son illərdə reklama 20-25 milyon manat vəsaitin ayrıldığını deyən baş redaktor bunun 2 milyonunun qəzetlərin payına düşdüyünü qeyd edib. Siyasi partiyaların qəzet təsis etmək hüququnun da məhdudlaşdırılmasına ehtiyac olduğunu deyən R.Məcid rəsmi qurumların bu qədər qəzetə sahib olmasının qəzetçilik fəlsəfəsinə yad olduğunu qeyd edib. Daha sonra konkret mövzular üzrə çıxışlar olub.

 

"Redaksiya müstəqilliyi söz azadlığının əsas atributudur" mövzusunda çıxış edən "Kaspi" qəzetinin baş redaktoru Natiq Məmmədli bildirib ki, redaksiya müstəqilliyinə xələl gətirən amillərdən biri də tarixi amillərdir. O, söyləyib ki, redaksiya müstəqilliyini şərtləndirən bir neçə amil var: "Müstəqilliyin ilk illərində yaranan mətbuat siyasi mübarizənin ruporu kimi çıxış etdi və mətbuatın sonrakı inkişaf mərhələsində də bu özünü göstərdi. Redaksiyanın müstəqilliyi jurnalistin özünün müstəqilliyindən irəli gəlir. Jurnalist özü müstəqil olsa, qapalı bir mühitdə belə öz fikirlərini ifadə etməyə imkan tapacaq. Redaksiyanın müstəqilliyi həm də ictimai münasibətlərdən irəli gəlir".

 

"Yeni Nəsil" Jurnalistlər Birliyinin sədri Arif Əliyev "Redaksiya müstəqilliyi sahəsində xarici təcrübə" mövzusunda çıxış edib. Media müstəqilliyinin ilk növbədə redaksiya və jurnalistlərin müstəqilliyindən asılı olduğunu deyən A.Əliyev Azərbaycanda adambaşına düşən reklamın məbləğinin çox az, 0,26 sent olduğunu söyləyib. Jurnalist Birliyinin sədri 1 dolların normal göstərici olduğunu ifadə edib. A.Əliyev redaksiya müstəqilliyinin təmin olunması üçün xarici ölkələrdə olduğu kimi həmrəylik institutlarının yaradılmasına ehtiyac olduğunu vurğulayıb. O, qeyd edib ki, bu gün media orqanlarının əksəriyyəti müstəqil olmaq istəmirlər, bundan qorxurlar: "Müstəqil olmaq redaksiyada elə bir məsuliyyət doğurur ki, bu çox böyük peşəkarlıq, cəsarət tələb edir".

 

"Medianın siyasiləşməsi redaksiya müstəqilliyinə necə təsir edir" mövzusunda çıxış edən "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli siyasiləşmiş media ifadəsi ilə razılaşmadığını bildirib. O, reklam bazarının olmamasını azad rəqabətin olmaması ilə əlaqələndirib.

 

Birinci sessiyanın son çıxışını "Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev "Redaksiya müstəqilliyi "Bakı xəbər" qəzetinin təcrübəsində" mövzusunda edib. O, bildirib ki, qəzetlərin partiyalı olması redaksiya müstəqilliyi üçün ciddi maneədir.

 

Nahar fasiləsindən sonra konfrans "Mətbuatın özünütənzimlənməsində Mətbuat Şurasının rolu: Azərbaycan jurnalistləri davranış qaydalarına necə əməl edirlər" mövzusunda sessiya təşkil edilib. Tədbirin sonunda Azərbaycan media etikası, şəffaflıq və redaksiya müstəqilliyi bəyannaməsinin müzakirəsi və imzalanması nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə