İslami dəyərlər, multikulturalizm məktəbi, tolerantlıq yeni dövrünü yaşayır

İslami dəyərlər, multikulturalizm məktəbi, tolerantlıq yeni dövrünü yaşayır


İyirmi birinci yüzillikdə sürətlə inkişaf edən Azərbaycanın sosial, iqtisadi, siyasi və mədəni sahələrdə əldə etdiyi yüksək göstəriciləri, böyük uzaqgörənliklə hazırlanmış inkişaf strategiyasının uğurlu tətbiqinin nəticəsidir. Bu gün müstəqil Azərbaycanın beynəlxalq aləmdə iqtisadi və siyasi mövqeyini daha da möhkəmləndirməsi, dünyanın nüfuzlu təşkilatlarının Azərbaycanın mövqeyini dəstəkləyən qərar və qətnamələr qəbul etməsi ölkəmizi dünyada demokratik, qüdrətli və öz sözünü deməyə qadir olan ölkə kimi tanınmasından irəli gəlir.
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan ümummilli inkişaf strategiyası hər bir sahənin paralel inkişafını ən yüksək səviyyədə təmin edib və bu, davam etməkdədir. Azərbaycan sabitlik adası və dinamik inkişafda olan ölkə kimi nüfuza malikdir. Azərbaycan xalqı sülh, əmin-amanlıq şəraitində yaşamışdır və yaşayır. "Ölkəmizdə sabitliyin mənbəyi xalqımızın iradəsidir, xalqımızın seçimidir"- deyən Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bildirib ki, bu gün ölkəmiz dünya miqyasında sabitliyi ilə seçilən ölkələrdən birinə çevrilib:"Əlbəttə ki, gördüyümüz bütün bu işləri dünya kontekstindən ayırmaq mümkün deyil. Dünyada və bölgədə gedən təhlükəli proseslərə fikir verərkən, bir daha görürük ki, Azərbaycan öz yoluna sadiqdir, müstəqillik, inkişaf yolu ilə gedir və biz çalışmışıq və çalışacağıq ki, bundan sonra da ölkəmizi, xalqımızı mümkün olan risklərdən qoruyaq, öz müstəqil yolumuzu təmin edək. Artıq tarix və ətrafda baş verən hadisələr göstərir ki, bizim seçdiyimiz yol yeganə düzgün yoldur".
Ötən 16 il ərzində, Azərbaycan Prezident İlham Əliyev tərəfindən imzalanan sərəncamlar və fərmanlar iqtisadi islahatları daha da dərinləşdirdi, iqtisadi sabitlik qorundu və ölkəmiz bir çox əhəmiyyətli layihələri reallaşdırdı. Sosial siyasətin uğurla həyata keçirilməsinin məntiqi nəticəsi olaraq, vətəndaşların maddi rifah halı yaxşılaşdırılıb, sosial müdafiə və təminat sistemi gücləndirilib, sosial tələbatlar və ehtiyaclar yüksək səviyyədə ödənilib. İnsanların sağlamlığının qorunması, təhsilin inkişafı da prioritet məsələ kimi diqqətdədir. Azərbaycanda səhiyyənin, təhsilin inkişafına, bu və ya digər sahələrin maddi-texniki bazasının gücləndirilməsinə diqqət artır.

AZƏRBAYCAN TOLERANTLIQ ƏNƏNƏLƏRİNİN GÜCLƏNMƏSİNƏ TÖHFƏLƏRİNİ VERİR

Azərbaycan multikultural bir dövlətdir. Azərbaycanda multikulturalizm ənənələrinin qorunub-saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması məqsədilə, 2016-cı ilin Azərbaycan Respublikasında "Multikulturalizm İli" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin imzaladığı Sərəncamı ölkəmizdə multikultural mühitə olan münasibətin daha bir real ifadəsinə çevrildi. Tarixi İpək Yolunda yerləşən Azərbaycan ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyardır və ölkəmizdə multikulturalizm-alternativi olmayan həyat tərzinə çevrilib.
Bu gün Azərbaycanda xristianlığın ayrı-ayrı cərəyanlarının icmaları sərbəst şəkildə fəaliyyət göstərir. Dünyada yəhudilərin azad şəkildə dini inanclarını icra etdiyi ölkələr içərisində Azərbaycan birinci yerdədir. Azərbaycan, demək olar ki, yəhudilərin İsraildən sonra ən azad dini icma şəklində fəaliyyət göstərdiyi bir ölkədir. Azərbaycanda 7 sinaqoq və 4 gürcü kilsəsi fəaliyyət göstərir. Hətta Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə baxmayaraq, Bakıda erməni kilsəsi qorunub-saxlanılır və bu gün də fəaliyyət göstərir. Təkcə elə bu fakt xalqımızın tolerantlığının bariz göstəricisidir. Bu gün multikultural münasibətlərin davamlılığı, onun bugünkü inkişafı, bilavasitə dövlət dəstəyindən qaynaqlanır. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilən siyasi kurs, bütün sahələrdə olduğu kimi, multikultural mühitin möhkəmlənməsi, o cümlədən, tolerantlıq ənənələrinin güclənməsinə də öz töhfələrini verməkdədir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, biz, nəinki ölkə daxilində millətlərarası və dinlərarası münasibətləri ən yüksək səviyyədə tənzimləyirik, həll edirik, biz dünyaya da nümunə göstəririk.

İSLAM HƏMRƏYLİYİNİN BƏRQƏRAR OLMASINDA AZƏRBAYCAN ÖZÜNƏMƏXSUS MÖVQEYİNİN MÖHKƏMLƏNDİRİLMƏSİNİ TƏMİN EDİR

Əsrlər boyu islam sivilizasiyasının əsas mərkəzlərindən biri olan Azərbaycan islam dininin yayılmasında və eyni zamanda, Müsəlman İntibahının bərqərar olmasında mühüm rol oynayıb. Dinlə bağlı sərt qadağaların mövcud olduğu Sovet dövrü Azərbaycanında cəmi 17 məscid fəaliyyət göstərdiyi halda, hazırda onların sayı 2000-i ötüb keçib. Ölkəmizin paytaxtında Cənubi Qafqazın ən möhtəşəm məbədi -Heydər Məscidi inşa edilib. Bütün bu və ya digər amillərlə yanaşı, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının, İSESKO-nun, həmçinin, müsəlman ölkələrini birləşdirən digər mötəbər qurumların üzvü seçilib.
Bu gün ölkəmizdə, eləcə də, dünya ölkələrində multikulturalizmin təbliği ilə bağlı görülən işlərin miqyası günü-gündən artmaqdadır. Oğuzda, İsmayıllıda və Qaxda multikulturalizm ideyalarının çarçısı olan Bilik Evləri, İsmayıllıda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Nümayəndəliyi açılıb. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi xaricdə öz fəaliyyət sferasını da gündən-günə genişləndirir. Hazırda mərkəzin Almaniya, Portuqaliya, İtaliya, Rusiya, İsrail və Qazaxıstanda filialları fəaliyyət göstərir. Bu, o deməkdir ki, artıq dünya ölkələrində Azərbaycanın multikultural dəyərləri daha geniş şəkildə təbliğ və təşviq edilir. Azərbaycan həqiqətlərinin, xüsusilə də, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin və təcavüzkar Ermənistanın işğalçı siyasətinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində də bu filialların rolu müstəsnadır.
Bütün bunlarla yanaşı, Beynəlxalq Multikulturalizm Mərkəzinin xarici ölkə universitetlərində "Azərbaycan multikulturalizmi" fənninin tədrisi layihəsi çərçivəsində "Azərbaycan multikulturalizmi" fənni də tədris olunur. Video və fotoslaydların nümayişi ilə keçirilən dərslərdə tələbələrə ölkəmizdə əsrlərdən bəri mövcud olan multikultural durum, Azərbaycan multikulturalizminin spesifik xüsusiyyətləri haqqında ətraflı məlumat verilir. Eyni zamanda, multikulturalizmin Azərbaycanın dövlət siyasətində prioritet istiqamət olduğu diqqətə çatdırılır.

ZÜMRÜD

Bütün xəbərlər Facebook səhifəmizdə