ABŞ-ın türk və Azərbaycan icmaları prezident Obamanı Novruz mesajında türk xalqlarını qeyd etməyə çağırır

ABŞ-ın türk və Azərbaycan icmaları prezident Obamanı Novruz mesajında türk xalqlarını qeyd etməyə çağırır

Amerikanın türk icması Novruz bayramı kampaniyası çərçivəsində ABŞ prezidenti Barak Obamaya məktub ünvanlayıb. SİA-nın voanews.com-a istinadən verdiyi xəbərə görə, dördüncü ildir keçirilən bu kampaniyanın məqsədi prezident Obamanın Novruz mesajında türk xalqlarını da qeyd etməsinə nail olmaqdır.

Məktubda deyilir ki, İran, İraq, Əfqanıstan, Pakistan, Azərbaycan, Türkiyə və Mərkəzi Asiyadan gəlmiş mühacirlər zəngin mədəni irslərinin qorunub saxlanması və adət-ənənələrin gələcək nəslə ötürülməsi məqsədilə hər il Novruz bayramını qeyd edir.

Lakin son illər Novruz bayramı yalnız İran və fars dilli ölkələrin xalqlarına aid edilib. Bununla belə, Qafqazdan tutmuş Mərkəzi Asiyaya qədər böyük bir regionda yaşayan türk xalqları Novruz bayramını və tarixi bir neçə min il əvvələ gedib çıxan yazın gəlişi gününü geniş şəkildə qeyd edir. Novruz Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanda rəsmi bayram, Türkiyədə isə ictimaiyyətin qeyd etdiyi bayram günüdür.

Amerika Türkləri və Amerika Azərbaycanlılarının şəbəkələri prezident Obamanı Novruz bayramı münasibətilə ABŞ prezidentinin hər il verdiyi mesajında Azərbaycan və azərbaycanlı amerikalılar, Türkiyə və türk amerikalılar, habelə bütün türk xalqlarını təmsil edən amerikalıları da qeyd etməyə çağırır.

Bütün xəbərlər Facebook səhifəmizdə