Sabir Rüstəmxanlı: “DAK-ın fəaliyyəti müəyyən adamları və İrandakı dairələri çox ciddi şəkildə narahat edir”
Dünya Azərbaycanlıları Konqresinin (DAK) rəhbərliyi Türkiyə Cümhuriyyətində həyata keçirilmiş "Xocalı həftəsi"nin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirib.
SİA-nın xəbərinə görə, mətbuat konfransını DAK həmsədri Sabir Rüstəmxanlı açaraq bildirib ki, qardaş ölkəyə səfərdə məqsəd qurumun İdarə Heyətinin toplantısını keçirmək və Xocalı soyqırımı ilə bağlı təşkilatın mövqeyini Türkiyə ictimaiyyətinə çatdırmaq idi. Bundan əlavə, DAK-ın müxtəlif ölkələrdəki təmsilçilikləri də Xocalı faciəsinin 19-cu ildönümüylə əlaqədar həmin dövlətlərdəki Azərbaycan səfirlikləri və diaspor təşkilatlarıyla birlikdə simpoziumlar, konfranslar, sərgilər, görüşlər, aksiyalar və s. keçiriblər: "Bilirsiniz ki, DAK-ın sonuncu qurultayından sonra müəyyən tədbirlərimiz olub, ancaq İdarə Heyətinin bəzi üzvləri iştirak etməyiblər. Ümumiyyətlə, qurultayda da müəyyən fakir ayrılıqları müşahidə olunurdu, hətta tədbirin işinə mane olmaq və onu pozmaq istəyən qüvvələr vardı. Bu qüvvələrin hara və kimlərə bağlı olduqları barədə müəyyən təxminlər və bildiyimiz şeylər olsa da, ancaq cəmiyyətə açıqlanmasına ehtiyac görmürəm. Hər halda DAK-ın fəaliyyətinin müəyyən adamları və bizim qonşumuz İrandakı dairələri çox ciddi şəkildə narahat etdiyi görünür. Ona görə də onlar davamlı olaraq DAK-ın içərisinə özlərilə birbaşa və yaxud dolayı yolla bağlı, onlara inanan adamları salmağa və təşkilatın işini pozmağa çalışırlar".
Onun sözlərinə görə, qurultay tərəfindən seçilən DAK İdarə Heyətinin bəzi üzvləri təşkilatın işindən tamamilə kənarda qalıblar. Ona görə də Ankaradakı iclasda iki nəfərin fəaliyyəti donduruldu. Bunlar Bəhruz Həqqi və Fəramərz Quluzadədir.
Sabir Rüstəmxanlı vurğulayıb ki, səfərin əsas məqsədlərindən biri də Türkiyə ictimai fikrini İrana doğru yönəltməkdi: "Çünki qardaş ölkədə çox az sayda insan İran əhalisinin 52 faizini, yəni 35 milyondan çoxunu Azərbaycan türklərinin təşkil etdiyini bilir. Ona görə də bütün görüşlərdə, tədbirlərdə əsas məqsəd bu ölkənin ictimai-siyasi fikrini İrandakı azərbaycanlıların taleyinə istiqamətləndirməkdi. Yəni DAK-ın həm diaspor təşkilatı olduğunu, həm də bu təşkilatın yarısının Güney Azərbaycanı təmsil etdiyini bildirirdik. Onlar bizim soydaşlarımızdır və taleləri də bizi maraqlandırır. Eyni zamanda Xocalı soyqırımı məsələsini Türkiyədə qoymaqda məqsəd qondarma erməni soyqırımına qarşı mübarizə aparmağı buraxıb, yaxın tariximizin faciəsini dünyaya tanıtdırmağa çalışmağın məqsədəuyğun olduğunu deyirdik. Hətta TBMM-in Xocalı faciəsini soyqırım aktı kimi tanımadığını bildirdik. Onlar da Azərbaycan parlamentinin PKK-nı terrorçu təşkilat kimi tanımadığını bizə irad tutdular. Bu da haqlı bir iraddır. Yəqin bu il Türkiyənin bir neçə böyük şəhər bələdiyyəsi Xocalı faciəsini soyqırım aktı kimi tanıyacaq. Bu proses daha da böyüyərək TBMM-in soyqırım aktı kimi tanımasına gətirib çıxaracaq".
Bundan sonra DAK İdarə Heyətinin üzvləri Vaqif Arzumanlı və Adil Minbaşı öz səfər təəssüratlarını bölüşüblər.
Sonda jurnalistləri maraqlandıran suallar cavablandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB