Arif Hacılı nəyə ümid edir? ANALIZ

Arif Hacılı nəyə ümid edir? ANALIZ

Və ya yenidən “birləşmək” çağırışları növbəti parçalanmanın anosudur

Müsavat partiyasının başqanı Arif Hacılının siyasi müxalifətdə heç bir uğurlara imza ata bilməyən şəxslərin – Əli İnsanovun, Cəmil Həsənlinin, İsa Qəmbərin, Əli Kərimlinin, İlqar Məmmədovun, Pənah Hüseynin, Mehman Əliyevin, Hikmət Hacızadənin və eləcə də özünün adını hallandırıb, “müxalifətin birliyi” ətrafında utopik xəyallara dalaraq çağırışlar etməsi ilk başdan növbəti parçalanmanın anonsunu verir. Yəni adları çəkilən bu şəxslərin hər birinin digərləri ilə münasibətlərində kifayət qədər düşmənçilik mövqeləri mövcuddur və həmin mövqelər sözdə “demokratik düşərgənin” siyasi iflasını çoxdan belə reallaşdırıb.

Müsavat başqanına sifariş verilib

Daha dəqiq desək, A.Hacılının belə bir “plan” ətrafında var-gəl etməsi həmin “planın” onun şəxsi ideyasının olub-olmaması məsələsini də böyük sual altında qoyur. Məsələn, düşünmək olar ki, A.Hacılıya müəyyən dairələrdən sifariş verilib ki, adları çəkilən şəxsləri bir araya gətirsin və “müxalifətin birliyi” mövzusunu ortaya atsın, həmin “birlik” yaradıldıqdan sonra ona bu işinin müqabilində maddi vəsaitlər ayrılsın. Yaxud, daha bir mümkün ehtimal budur ki, A.Hacılı həmin “birlikdə” yalnız Ə.İnsanovu, İ.Qəmbəri, P.Hüseyni, M.Əliyevi görmək istəyindədir, digərlərinin – Ə.Kərimlinin, C.Həsənlinin, H.Hacızadənin, İ.Məmmədovun adları isə sadəcə, “demokratik görüntü” yaratmaq üçün qeyd olunub.

Misal üçün, əgər bir vaxtlar Müsavatda başqan müavinliyi etmiş H.Hacızadə hələ 2014-cü ilin qurultayında A.Hacılının başqan seçilməsinə qarşı etiraz emişdisə, o bu gün də həmin fikirdə qalır və ümumiyyətlə, həm eks-başqan İ.Qəmbərə, həm də hazırkı başqan A.Hacılıya tərəf heç vaxt müsbət addım atmazlar.

Yaxud, A.Hacılı Müsavatı “Milli Şura”ya yenidən üzv etməyincəyə qədər, nə Ə.Kərimli, nə də C.Həsənli onun bu “ideyasına” dəstək göstərməzlər. Hətta göstərsəələr belə, bu heç bir effekt verməyəcək. O cümlədən, nəzərə alarsaq ki, AXCP-Müsavat “birlikləri” ümumiyyətlə baş tutmayıb, onda Hacılının təklifinin rədd ediləcəyini də bəri başdan proqnozlaşdırmaq mümkündür.

İ.Məmmədova gəlincə isə, REAL partiyasının sədrinin bütövlükdə ənənəvi müxalifət partiyaları ilə əməkdaşlığa meylli olmaması faktı mövcuddur. Xatırlaya bilərik ki, o dəfələrlə “Milli Şura”nın, ya da Müsavatın müxtəlif tədbirlərinə dəvət alsa da, həmin dəvətləri qəbul etməyib və heç bir birliklərdə, koalisiyalarda iştirak etməyəcəyini bəyan edib.

Bütün bunlar isə həm də belə nəticə hasil edir ki, A.Hacılı əsas hədəf kimi Ə.İnsanovu, P.Hüseyni, İ.Qəmbəri və M.Əliyevi götürməklə, əslində ənənəvi düşərgədə söz sahibi olmağa cəhd edir. Daha dəqiq desək, Ə.İnsanovun adının hallanması onun həbsdən çıxması ilə bağlıdır və A.Hacılı bu versiyadan maksimum şəkildə yararlanmağa çalışır. İ.Qəmbər barədə isə, hər şey məlumdur və o, A.Hacılının “ideyasının” aparıcı fiquru kimi təqdim oluna bilər. P.Hüseyn davamlı olaraq, Müsavatla əməkdaşlıq etdiyinə görə bu sıralamada yer alıb. M.Əliyev isə, A.Hacılıya müxalifətyönlü mediadan yararlanmağa hesablanıb.

Siyahıda adları hallanmayan köhnə müxalifətçilər Arif Hacılıya qarşı əks təbliğat aparacaqlar

Ancaq ortada digər məsələ də var. Belə ki, Mirmahmud Mirəlioğlunun, İqbal Ağazadənin, Sülhəddin Əkbərin və s. köhnə müxalifətçilərin həmin siyahıda yer almaması həm də belə qənaətə gəlməyə zəmin yaradır ki, A.Hacılıya bu sifarişi verənlər həmin adamların adlarını orada görmək istəmirlər. Həmin adamlar isə adlarının sözügedən siyahıda yer almadığına görə, əlbəttə ki, Hacılıya qarşı əks təbliğat aparacaqlar.

Lakin fakt budur ki, A.Hacılının “təklifi”, ya da ona verilmiş sifarişin reallaşması qətiyyən mümkün görünməməklə yanaşı, həm də onun “siyasi resursların toparlanması” ətrafındakı manipulyasiyası ucuz ritorikadan başqa heç nə deyil. Bir sözlə, son 26 ildə on dəfələrlə birləşib-parçalanan ənənəvi düşərgənin taleyi çoxdan həll olunub və siyasi iflası göz önündədir. Hətta bu cür də proqnoz etmək olar ki, sözügedən çağırış növbəti parçalanmanın anonsudur.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə