TQDK Bakıda qəbul imtahanlarının elmi-statistik təhlilinə həsr olunan zona müşavirəsi keçirdi-TƏDBİR

TQDK Bakıda qəbul imtahanlarının elmi-statistik təhlilinə həsr olunan zona müşavirəsi keçirdi-TƏDBİR
Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Bakı şəhərində 2011/2012-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul imtahanlarının elmi-statistik təhlilinə həsr olunan zona müşavirəsi keçirib. SİA-nın xəbərinə görə, zona müşavirəsində TQDK-nın sədri Məleykə Abbaszadə, təhsil naziri Misir Mərdanov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva, eləcə də Binəqədi, Əzizbəyov, Nərimanov, Nəsimi, Nizami, Qaradağ, Sabunçu, Səbail, Suraxanı, Xətai, Yasamal, Şuşa, Zəngilan, Xocalı və Xocavənd rayonlarının orta ümumtəhsil məktəblərinin direktorları və müəllimləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov bildirib ki, müşavirədə təhsil sistemindəki müəyyən səhvlər, nöqsanlar birgə müzakirə olunub, bunlardan nəticə çıxarılacaq. Bütövlükdə təhsildə çoxlu sayda problemlərin olduğunu deyən nazir vurğulayıb ki, bunlarla daha ciddi işləmək lazımdır: "Bugünki səviyyə ilə rahatlaşmaq, öyünmək olmaz. Bu gün heç də hər yerdə işimizi yüksək səviyyədə qura bilməmişik. Səbəblər müxtəlifdir və biz bunları bilirik. Təhsilin səviyyəsi arzuolunan səviyyədə deyil. Bu işdə təhsil ictimaiyyətinin əməyi var. Bizim də məqsədimiz budur ki, vəziyyəti açıq şəkidlə göstərək və hər kəs bunlardan özü üçün nəticə çıxarsın. Necə edə bilərik ki, bu sahədə irəliləyişlər edək və səviyyə bugünkindən çox olsun. Uzun illərdir ki, təhsil sahəsində ölkə başçısının rəhbərliyi ilə çox ciddi addımlar atılır. Ciddi irəliləyişlər olub, yüksək inkişaf tendensiyalar da göz qabağındadır. Ancaq bu sahə elə bir sahədir ki, dünyanın heç bir yerində demək olmaz ki, bütün nailiyyətləri qazanmışıq və hər şey yaxşıdır".

Müşavirənin davamında çıxış edən TQDK sədri Məleykə Abbaszadə 2010/2011-ci tədris ili üçün keçirilmiş qəbul imtahanlarının elmi-statistik təhlilinə dair ətraflı məruzə ilə çıxış edib. O bildirib ki, 2010/2011-ci tədris ili üçün tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlili nəticəsində əldə olunmuş zəngin elmi materiallar "Abituriyent" jurnalının 12-ci sayında dərc edilib və həmin nəşrin elektron variantı http://www.abıturient.az internet səhifəsində yerləşdirilib.

"2010-cu ildə Bakıda orta ümumtəhsil məktəblərini 22449 şagird bitirib və onlardan 20748 nəfəri attestat alıb. Attestat alanlardan 93.77%-i (18832 nəfəri) qəbul imtahanlarında iştirak edib. Qəbul imtahanlarının nəticələrinə əsasən, şəhərin 8475 məzun (imtahanlarda iştirak edənlərin 45.00 faizi) tələbə adını qazanıb. Onlardan 36.00 faizi (3051 nəfəri) dövlət, 0.80 faizi (68 nəfəri) özəl ali təhsil müəssisələrinə dövlət sifarişi üzrə, 49.97 faizi (4235 nəfəri) dövlət, 13.23 faizi (1121 nəfəri) özəl ali təhsil müəssisələrinə ödənişli təhsil forması üzrə qəbul olub. Şəhərin məzunlarının 2060 nəfəri 500-dən, o cümlədən 550 nəfəri 600-dən yuxarı bal toplayıb. Abituriyentlərin ən çoxu Azərbaycan Dövlət İqtisad Universiteti və Bakı Dövlət Universitetinə qəbul olub. Şəhərin abituriyentlərinin qəbul imtahanlarında topladıqları orta bal 264.473-ə bərabərdir. Bu, respublika üzrə orta göstəricidən 14.1% yuxarıdır. Bakı şəhərinin abituriyentlərinin göstəriciləri bal intervalları üzrə nəzər salsaq, 0-100 intervalında-19.74% (3717 nəfər), 100-200 intervalında-20.38% (3838 nəfər), 200-300 intervalında-20.94% (3943 nəfər), 300-500 intervalında-28.01% (5274 nəfər), 500-dən yuxarı-10.94% (2060 nəfər) nəticə göstərib. Beləliklə, şəhərin abituriyentlərinin yalnız 38.94 faizi 300-dən yuxarı bal toplayıb. Şəhərin əlaçı abituriyentlərinin 3.85%-i 200 baldan aşağı nəticə göstərib. 500 baldan yuxarı nəticə göstərərək məktəb nailiyyətlərini təsdiq edənlər isə cəmi 74.18%-dir. Qəbul imtahanlarında paytaxtın 316 məktəbinin məzunları iştirak edib. Bu məktəblərdən 87 saylı (lal-karlar axşamqiyabi), 159 saylı orta məktəbin nəzdindəki qiyabi-axşam məktəbinin, 185, 209, 262, 295, 324 saylı orta məktəblərin bir abituriyenti belə ali təhsil müəssisəsinə qəbul olmayıb. 197 saylı orta məktəbin abituriyentlərinin topladığı orta bal 100-dən aşağıdır. Respublika üzrə yaxşı məktəblər sırasına bu il şəhərin 72 saylı məktəb-liseyi, 287 saylı "Zəkalar" liseyi, 147 saylı texniki-humanitar təmayüllu liseyi, Texniki humanitar liseyi, 160 saylı klassik gimnaziyası, 291 saylı "Araz" ekologiya liseyi, Beynəlxalq təhsil kompleksi, 261 saylı məktəb-liseyi, 2 saylı orta texniki və humanitar elmlər liseyi, 83 saylı məktəb-liseyi, 16 saylı texniki humanitar liseyi, 264 saylı məktəb-liseyi, Bağca-məktəb-lisey kompleksi, 1, 22, 23, 25, 30, 34, 35, 48, 54, 70, 82, 95, 102, 138, 143,145, 151, 157, 191, 207, 210, 214, 220, 236, 240, 244, 245, 246,251, 258, 267, 269, 275, 304 və 319 saylı orta məktəbləri daxil olub. Bakı şəhəri üzrə Azərbaycan bölməsinin bütün imtahan fənləri üzrə göstəriciləri respublika üzrə orta göstəricilərdən yuxarıdır. Abituriyentlərin qəbul imtahanlarında topladıqları orta bal 258.643-ə bərabərdir. Bu, respublika üzrə orta göstəricidən 14.3% yuxarıdır. Bakı şəhəri üzrə rus bölməsində bütün imtahan fənləri üzrə göstəriciləri respublika üzrə orta göstəricilərdən yuxarıdır. Kimya, tarix, ingilis dili fənləri üzrə şəhərin göstəriciləri respublika üzrə ən yüksək göstəriciyə bərabərdir. Abituriyentlərin qəbul imtahanlarında topladıqları orta bal 285.426-ya bərabərdir. Bu, respublika üzrə orta göstəricidən 3.6% yuxarıdır".

TQDK sədri qeyd edib ki, araşdırmalara görə, attestat imtahanlarında bir neçə faktor onun keyfiyyətinə mənfi təsir göstərir. Bunlardan birinin uşaqlar arasında köçürmələrin olması ilə bağlı olduğunu deyən M.Abbaszadə vurğulayıb ki, Bakıda olmasa da, müəyyən rayonlarda imtahana kənardan müdaxilələr də olur: "Orta məktəblərdə keçirilmiş mərkəzləşdirilmiş test imtahanlarında test sualları 17-18 variantda təqdim edilir, amma bunların çətinlik səviyyəsi eyni deyil. Belə ki, asan variantla çətin arasında 11-15 faizə qədər fərq var. Hazırda repetitorsuz ali məktəbə hazırlaşmaq mümkündür. Amma buna şagirdin marağı və istəyi olmalıdır. Artıq abituriyentlər üçün məktəb proqramları əsasında hazırlanmış videomühazirələr də həyata keçirilir".

Müşavirənın davamında adıçəkilən rayonların orta məktəb məzunlarının qəbul imtahanlarında göstərdikləri nəticələr geniş müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə