Səfər Əbiyev sloveniyalı həmkarı ilə görüşüb

Səfər Əbiyev sloveniyalı həmkarı ilə görüşüb

Martın 2-də Azərbaycanda rəsmi səfərdə olan Sloveniyanın müdafiə naziri xanım Lyubitsa Yelusiçinin Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyevlə görüşü olub.

Sloveniyalı qonağın Müdafiə Nazirliyində (MN) təntənəli qarşılanma mərasimi keçirilib, hər iki ölkənin dövlət himnləri səslənib.

MN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüş zamanı sloveniyalı həmkarı ilə hərbi əməkdaşlıq məsələləri barədə ətraflı fikir mübadiləsi aparan S. Əbiyev bölgədə mövcud hərbi-siyasi vəziyyəti və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yaratdığı problemləri onun diqqətinə çatdırıb.

Nazir qeyd edib ki, münaqişənin dinc şəkildə həll olunmasına maneçilik törədən işğalçı Ermənistan təcavüzkar siyasətindən əl çəkmək istəmir. Bu zaman ərazilərini azad etmək üçün Azərbaycanın öz suveren hüquqlarından istifadə etməsi qaçılmaz olacaq ki, bu da bütövlükdə regionda daha gərgin vəziyyətin yaranmasına rəvac verəcək.

Görüş zamanı nazirlər digər mühüm məsələlər haqda da fikirlərini bölüşüblər.

Sonra "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Sloveniya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında saziş" imzalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə