Gəncənin yarıqaranlıq küçələri - FOTOSLAYD

Gəncənin yarıqaranlıq küçələri - FOTOSLAYD

Gəncədə küçələrin işıqlandırılmasının mövcud vəziyyətini nəzərdən keçirmək məqsədilə şəhərin küçələrini hava qaralanda lentə almaq qərarına gəldik. Məqsədimiz yuxarıda qeyd etdiymiz kimi, ölkənin ikinci böyük şəhərinin küçələrində işıqlandırmanın necə təmin edildiyini nəzərdən keçirmək olub.

SİA-nın bölgə müxbirinin apardığı araşdırma göstərib ki, Gəncə küçələrinin işıqlandırılması lazımi səviyyədə təmin edilməyib. Xüsusən gözdən uzaq yerlərin, ara küçələrin işıqlandırılması istənilən kimi təşkil olunmayıb. Bu gün Gəncənin əsasən mərkəzi küçələrində işıqlandırma sistemi normal səviyyədədir. Xüsusən şəhər İcra Hakimiyyətinin ətrafı, mərkəzi küçələr tam işıqlandırılır. Lakin, kənar küçə və məhəllələrdə bu istiqamətdə problemlər var.

Ümumiyyətlə, araşdırma apardığımız zaman bir sıra diqqət çəkən məqamlarla qarşılaşdıq. Misal üçün, Nizami küçəsi boyunca yolun hər iki tərəfində quraşdırılan elektrik dirəklərinin sağ tərəfində işıqlandırma sistemi təmin edilsə də, sol tərəfində elektrik enerjisi yoxdur.

Məsələyə münasibət bildirən Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Küçə İşıqlandırma Şöbəsinin rəisi Rəşid Qəmbərov isə bildirib ki, şəhərin işıqlandırılması ilə bağlı ümumi vəziyyət qənaətbəxşdir. "Xüsusilə şəhərin yeni salınan qəsəbələri və əsas yaşayış massivlərində işıqlandırma tam təmin edilib. Hazırda işıqlandırılmasına ehtiyac duyulan ara küçələrdə isə yaranan problemlərin həlli istiqamətində iş aparılır".

"Gəncənin küçə işıqlandırılması ilə bağlı vəziyyət normaldır. Təkcə onu deyim ki Poçt, Yeni İrəvan, Qırmızı kənd, Gülüstan kimi iri qəsəbələrdə küçələrin işıqlandırılması 90% təmin edilib. Hazırda ehtiyac duyulan Çaparidze, Qəmərli, Səfəvilər kimi 10 küçənin işıqlandırılması istiqamətində iş aparılır", R.Qəmbərov deyib.

Müsahibimiz həmçinin əlavə edib ki, yuxarıda adıçəkilən Nizami küçəsi ilə yanaşı, Heydər Əliyev, Atatürk və digər prospekt və yaşayış massivlərinin bir hissəsinin işıqlandırılmamasının səbəbi elektrik enerjisinə qənaət edilməsi ilə bağlıdır. Yəni Gəncənin bəzi küçələrinin bir tərəfinin işıqlı, digər tərəfinin qaranlıq olması enerjiyə qənaət üçündür. Özümüz bəzi elektrik dirəklərində işıqlandırmanı dayandırırıq.

Bütün xəbərlər Facebook səhifəmizdə