Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosunun direktoru Azərbaycandadır
Ümumdünya Səhiyyə Təşkilatı Avropa Regional Bürosunun direktoru Jujanna Yakabın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdədir.
SİA-nın məlumatına görə, nümayəndə heyətinin üzvləri bu gün səhər saatlarında Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad etmişlər, məzarları önünə əklil qoyublar.
Daha sonra qonaqlar Şəhidlər xiyabanını ziyarət etmiş, "Əbədi məşəl" kompleksinin önünə əklil qoyublar. Daha sonra qonaqlar Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə gəliblər.
Səhiyyə naziri Oqtay Şirəliyev Ümumdünya Səhiyyə Təşkilatı Avropa Regional Bürosunun direktoru Jujanna Yakabın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Qonaqları səmimi salamlayan nazir ÜST-lə Azərbaycanın əlaqələrinin tarixindən danışıb. Bildirib ki, bu münasibətlər 1992-ci ildən etibarən başlanıb və daha da inkişafı və genişləndirilməsi üçün Səhiyyə Nazirliyi kifayət qədər səy göstərmiş və buna nail olub. Nazir bildirib ki, ölkə səhiyyəsində görülən bir çox işlər, atılan addımlar və yeniliklər daim ÜST-ün dəstəyi ilə həyata keçirilir.
Nazir həmçinin Azərbaycan dövlətinin ÜST-ün bütün təşəbbüslərini dəstəklədiyini və onların həyata keçirilməsində yaxından iştirak etdiyini qeyd edib. Jujanna Yakob da öz növbəsində səmimi qarşılanmaya görə minnətdarlığını bildirib və ÜST-lə Azərbaycanın uğurlu münasibətlərindən danışaraq bu münasibətlərin gələcəkdə də genişləndirilməsi üçün bütün səylərdən istifadə edəcəklərini vurğulayıb.
Sonda səhiyyə naziri Oqtay Şirəliyev və ÜST Avropa Regional Bürosunun direktoru Jujanna Yakab 12-15 sentyabr 2011-ci il tarixləri arasında Bakıda keçiriləcək ÜST-nin Avropa Regional Komitəsinin illik sessiyası ilə bağlı öhdəliklərin icrası və hazırlıq işlərinin görülməsi üçün əməkdaşlığa dair saziş imzalayıblar.
Məlumat üçün qeyd edək ki, Regional Komitə çərçivəsində Azərbaycana ÜST-nin Avropa Regionu üzrə 53 Üzv Dövlətdən 300-dən artıq yüksək vəzifəli məsul səhiyyə işçiləri Azərbaycana səfər edəcəklər. Onlar ümumavropa səviyyəsində yeni səhiyyə siyasətinin inkişaf etdirilməsi də daxil olmaqla, regionda ictimai səhiyyə qarşısında duran problemlərin həlli yollarının gücləndirilməsi üçün ümumi planları müzakirə edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB