Prezidentin müşavirədəki çıxışı yeni islahatların anonsu kimi yadda qaldı TƏHLİL

Prezidentin müşavirədəki çıxışı yeni islahatların anonsu kimi yadda qaldı TƏHLİL

Ölkəmizi ən islahatçı ölkə kimi qiymətləndirən “Doing Business” hesabatı da bu qiymətləndirmədə haqlıdır

Bir qədər əvvəl, daha doğrusu prezident seçkilərinin ardınca cəmiyyətə yeni islahatlar barədə planlarını bəyan edən ölkə başçısı ilin əvvəlindən bəri bir neçə sosial paket imzalamaqla, əhalinin bütün təbəqələrinin maddi rifahının yaxşılaşmasına xidmət edən sərəncamları ilə, məhkəmə-hüquq islahatlarının keçirilməsi ilə bütün planlarını reallaşdırmaq əzmində olduğunu təsdiqlədi. Oktyabrın 15-də keçirilən iqtisadi müşavirə isə islahatların davamlı olacağından xəbər verdi və Cənab Prezidentin bu müşavirədəki çıxışı reallaşdırılacaq yeni islahatların anonsu kimi yadda qaldı.
Bundan sonra cavan, müasir təhsilli və müasir dünyagörüşlü, həmçinin, daha çevik kadrlarla işləməyə üstünlük verilməsi tövsiyyə olundu, qarşıya məqsəd qoyuldu və bununla da Cənab Prezident İlham Əliyev bir daha islahatlarda maraqlı olduğunu, bu mövqedən geri çəkilmək niyyətinin olmadığını qəti şəkildə göstərdi. Ölkə başçısının hökumətə yeni təfəkkürlü, gənc və praqmatik fikirli kadrların gətirilməsi barədə baş nazirə tapşırıq verməsi belə heç də təsadüfi deyildi və bütün bunlar ali baş komandanın islahatlarda maraqlı olduğunu, islahatların bundan sonra daha uğurla həyata keçiriləcəyini təsdiqləyir.

Prezidentin, islahatlara mane olmaq istəyənlərlə bir yolun yolçusu ola bilmərik, mesajı, yeni kadr islahatlarının anonsu sayıla bilər

Təbii ki, bundan sonra da davamlı olaraq reallaşdırılması nəzərdə tutulan islahatlara mane olmaq istəyinə yol verilən deyil və şəxsən Cənab Prezident tərəfindən belə bir istəyi olanlara da sərt mesajlar ünvanlandı. Ölkə başçısı islahatlara mane olanların mövcud olduğunu da bildirdi və cəmiyyətimizə də bəllidir ki, Prezidentin davamlı olaraq apardığı islahatlara mane olmaq istəyənlər də var. Cənab Prezident qeyd etdi ki, şəxsi maraqlarına toxunduğuna görə bəziləri islahatlara qarşı çıxış edirlər və işimizə əngəl törətmək istəyirlər, islahatlara meylli, yeni təfəkkürə malik kadrları qaralayırlar. Ölkə rəhbəri açıq şəkildə bəyan etdi ki, islahatlar bundan sonra da davam etdiriləcək və islahatlara mane olanlara yerləri göstəriləcək.
İslahatların davamlı olmasında israrlı və qətiyyətli olan Prezident İlham Əliyev bu islahatlara mane olmaq istəyənlərə, yaxud, mane olanlara qarşı sərt tədbirlər görülməsi barədə də tapşırıqlar verdi. Ölkə başçısının, islahatlara mane olmaq istəyən adamlarla bir yolun yolçusu ola bilmərik mesajı heç də əbəs yerə deyildi. Bu ondan xəbər verir ki, Cənab Prezidentin dediyi kimi, islahatlar davam edəcək və bu kursa qarşı çıxanlar öz postlarını itirməli olacaqlar. Əslində, Prezidentin, islahatlara mane olmaq istəyən adamlarla bir yolun yolçusu ola bilmərik, mesajı, yeni kadr islahatlarının anonsu da sayıla bilər. Çünki, ölkənin rəhbəri bildirdi ki, yuxulu məmurların hazırladığı bayağı kursdan fərqlənən bu yeni siyasi kursa qarşı çıxanlar öz postlarını itirməli olacaqlar.

Böyük ehtiyatlarımız var və bundan sonra da aparılacaq islahatların öz bəhrəsini verəcəyinə zərrə qədər şübhə ola bilməz

Müşavirədə ölkə başçısı vergidən yayınanlara qarşı ciddi tədbirlərin görüləcəyini də vurğuladı. Bu isə o deməkdir ki, özəl şirkətlərin vergidən yayınması məsələsi diqqət mərkəzində olacaq və vergidən yayınma halları sıfıra endiriləcək. Sözsüz ki, bu da büdcəyə daxilolmaların, büdcə gəlirlərinin daha da artacağından xəbər verir. Vergi və gömrük sahələrində bu vaxta qədər aparılan islahatların, şəffaflıqla bağlı atılan addımların öz bəhrəsini verdiyi də göz qabağındadır. Gömrük və vergi orqanları tərəfindən doqquz ayda büdcəyə plandan əlavə 700 milyon manatdan çox vəsaitin daxil olması özü heç də təsadüfi deyil və bu aparılan islahatların təzahürüdür. Bu faktın özü sübut etdi ki, ölkəmizin hələ nə qədər böyük ehtiyatları var və məhz bu baxımdan vergi və gömrük sahəsində bundan sonra da aparılacaq islahatların öz bəhrəsini verəcəyinə zərrə qədər şübhə ola bilməz.
Cənab Prezident müşavirədə bir çox şirkətlərin qara mühasibatlığının olduğunu da vurğuladı və iş yerlərinin rəsmiləşdirilməsinin özünün bu halın qarşısının alınması baxımından əhəmiyyətinə toxundu. Lakin bəzi şirkətlərin ikili mühasibat işləri, vergiləri tam şəkildə ödəməmələri də təkzib oluna bilməz və onların bu şəkildə fəaliyyətləri büdcə gəlirlərinə əhəmiyyətli dərəcədə mənfi təsir göstərir. Bəzi dırnaqarası sahibkarların belə ikili mühasibatlıq hesabına qeyri-şəffaf fəaliyyətləri büdcə daxilolmalarının azalması deməkdir.
İş adamları, özəl şirkət sahibləri bilməlidirlər və artıq bu müşavirədən sonra bildilər, fərqində oldular ki, onlar vergiləri tam həcmdə ödəməyə borcludurlar və onların ödənişləri büdcə gəlirlərində əhəmiyyətli yer tutur. Eyni zamanda onlar bunu da bilməlidirlər ki, sosial layihələrin icra edilməsi, köçkünlərin yerləşdirilməsi və onların şəraitinin daha da yaxşılaşdırılması, ordumuzun gücləndirilməsi bu vergilər hesabına reallaşdırılır. Məhz bu səbəbdən də Prezident İlham Əliyev vergilərin tam şəkildə ödənilməsini bütün qurumlar qarşısında vəzifə olaraq qoyub və tələb edib ki, maksimum şəffaflıq, dürüstlük olmalı, rüşvətxorluğa, korrupsiyaya son qoyulmalıdır.
Göründüyü kimi, Cənab Prezidentin çıxışı dövlət büdcəsinə daha ciddi nəzarətin formalaşdırılacağından, bu sahədə də yeni islahatların aparılacağından xəbər verir. Nəticədə büdcə gəlirlərinin artacağı təkzibelməzdir. Bu isə öz növbəsində sosial layihələrin sayının və həcminin artması, ölkə vətəndaşlarının rifah halının, yaşayış şəraitinin yaxşılaşdırılması anlamına gəlir. Heç şübhəsiz ki, ölkə başçısının müşavirədəki çıxışı, yeni islahatlar barədə dedikləri ölkəmizin və ölkə vətəndaşlarımızın daha yaxşı şəraitə sahib olmasına hesablanıb. Bütün bunlar isə öz növbəsində təsdiq edir ki, Cənab Prezident İlham Əliyevin siyasəti islahatçı siyasətdir və ölkəmizi ən islahatçı ölkə kimi qiymətləndirən “Doing Business” hesabatı da bu qiymətləndirmədə haqlıdır. Ölkə başçısının reallaşdırdığı və həmçinin qarşıya məqsəd olaraq qoyduğu davamlı islahatların Azərbaycan vətəndaşının rifahı naminə olduğunu nəzərə alaraq çəsarətlə deyə bilərik ki, bu islahatların, ümumilikdə Prezident İlham Əliyev siyasətinin mərkəzində vətəndaş amili dayanır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə