Qabil Hüseynli: “Soçi görüşündə irəliyə doğru addımlar atılmasa arzuolunmaz proseslərin baş verəcəyini proqnozlaşdırmaq mümkündür” - MÜNASİBƏT
Xəbər verildiyi ki, martın 5-də Rusiyanın Soçi şəhərində Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin görüşü keçiriləcək. Dağlıq Qarabağ münaqişəsinin müzakirə ediləcəyi görüşlə bağlı siyasi ekspertlərin əksəriyyəti nikbin düşünmür. Onlar hesab edir ki, Dağlıq Qababağ münaqişəsinin həll olunması üçün danışıqlar davam etdirilsə də, hər iki tərəfdən səslənən bəyanatlar müsbət nəticəyə ümid vermir. Heç də təsadüfi deyil ki, xarici ekspertlər də müharibə ehtimalı ilə bağlı həyacan təbili çalırlar.
Politoloq Qabil Hüseynli də hesab edir ki, görüşün nəticələri ilə bağlı nikbin düşünmək çox çətindir. SİA-ya açıqlamasında ekspert bildirib ki, indiyə kimi heç bir komprimisə getməyən, danışıqlar prosesini pozan Ermənistanın ənənəvi siyasətindən əl çəkməsi indiki halda real görünmür: "Ermənistanın özünə də təzyiqlər güclü deyil. İndiyə kimi danışıqlarda vasitəçi missiyasını üzərinə götürmüş Rusiyanın fəaliyyətini də qənaətbəxş saymaq olmaz. Bu dövlətin Ermənistana qarşı yumşaqlığı, bir çox hallarda tərəfkeşliyi müşahidə olunur. Buna görə də Serj Sarkisyan hər görüş öncəsi Rusiya prezidenti ilə məsləhətləşmələrə gedir. Bununla da üçtərəfli görüşün ssenarisi hazırlanır. Azərbaycan torpaqlarının işğalına, Ermənistanın təcavüzkar olmasına və müharibənin ağır nəticələrini birbaşa Azərbaycanın çəkməsinə beynəlxalq birliyin biganəliyi də İrəvanı ümidləndirir. Bütün bunlar isə müharibə təhlükəsini artırır və belə bir təhlükənin olması Rusiya və Qərbə ayıldıcı təsir göstərir. Bu faktorun özü müəyyən qədər Ermənistana da təsir göstərir. Son dövrlər ABŞ-ın da fəallaşması bu ölkənin regionda yeni müharibənin istəməməsindən irəli gəlir. Yeni müharibə ABŞ-ın strateji maraqlarına çox böyük zərbə ola bilər. ABŞ müharibənin qarşısını almaq üçün ciddi diplomatik səylər göstərir. Bu səylərin nəticə verib-verməyəcəyini isə danışıqların gedişi göstərəcək".
Bir çox siyasilər, o cümlədən ekspertlər hesab edir ki, Soçi görüşü münaqişənin həlli üçün danışıqlar və ya müharibə yolunu seçilməsinə böyük ölçüdə aydınlıq gətirəcək. Q.Hüseyli də bu baxımdan prezidentlərin növbəti görüşünün həlledici olacağını düşünür: "Azərbaycan tərəfi də dəfələrlə bildirib ki, mənasız danışıqlarda iştirak etməkdən yorulub. Eyni zamanda bildirilib ki, məsələnin başqa müstəvidə həllinə çalışacaq. Bütün bunlar isə onu göstərir ki, Azərbaycan əlində olan bütün imkanlardan istifadə etməyə çalışacaq. Soçi görüşündə irəliyə doğru addımlar atılmasa arzuolunmaz proseslərin baş verəcəyini proqnozlaşdırmaq mümkündür".
Hərbi əməliyyatların yenidən başlayacağı halda ən azından Rusiya və ABŞ-ı neytral saxlamaq imkanlarına gəlincə, politoloq bunun çox çətin olacağını söyləyib: "Ermənistan Dağlıq Qarabağın ərazisinə birləşdirilməsi və yaxud hər iki tərəf könüllü surətdə birləşməq haqqında qərar versə həmin ərazi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının fəaliyyət zonasına daxil ola bilər. Hərbi əməliyyatları Dağlıq Qarabağ ətrafında aparsaq da Rusiya üçün yazılmış qanunlar yoxdur. Rusiya bunu Gürcüstanla müharibəsində də nümayiş etdirib. Görünür Rusiya ilə ciddi danışıqlar aparmaq lazımdır. Rusiyanı neytrallaşdırmaq üçün Azərbaycanın müəyyən addımlar atdığı nəzərə çarpır. Bu addımlar elə atılmalıdır ki, yüz faizlik təminat əldə edilsin".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB