Ombudsman Cəlilabadda sel basmış ərazilərdəki sakinlərin problemini araşdırıb
Müvəkkilin tapşırığına əsasən, Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Z.İsmayılov və əməkdaşı B.Əliyev Cəlilabad rayonunda sel basmış ərazilərdə olmuş, sakinlərlə görüşmüş və problemlərini öyrəniblər.
Ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, son bir həftə ərzində aramsız yağan qar və yağışlar bu rayonun dağ çaylarında suyun səviyyəsinin qalxmasına, düzənlik ərazilərdəki evlərin sel sularına məruz qalmasına səbəb olub. Rayonun Yeni Yaşayış massivi, o cümlədən Quşçuluq fabriki adlanan ərazisi, çökək yerlərdəki bir sıra evlər və əkin sahələri su içində qalıb. Sel basmış ərazilərdə Rayon Fövqəladə Hallar Komissiyasının əməkdaşları, çoxsaylı işçi qüvvəsi və texnika çalışır.
Müəyyən edilib ki, Cəlilabad rayonundakı Mişarçayın üzərindəki bəndin möhkəmləndirilməsi tədbirləri başa çatdırılmış, "daş kanalı" adlanan su kanalında suyun səviyyəsi bir metrdən çox aşağı düşüb. Həmçinin rayonda elektrik enerjisi və qaz təminatı normal vəziyyətdədir. Qeyd olunmalıdır ki, Rayonun Cavadxan və Ə.Vahid küçəsində yerləşən evlərin həyətinə dolmuş su Fövqəladə Hallar Nazirliyi Cənub Regional Mərkəzinin əməkdaşları tərəfindən qurudulur.
Ombudsmanın nümayəndələri ilə söhbət zamanı sakinlər vaxtında lazımi tədbirlər görüldüyündən razılıqlarını bildirmiş, əhaliyə böyük tələfat və ziyan dəyməsinin qarşısının alındığını söyləyiblər.
Müvəkkilin Cəlilabad Regional Mərkəzinin əməkdaşları bu vəziyyəti diqqətdə saxlayır, sel basmış ərazilərə mütəmadi baxışlar keçirir və sakinlərə müntəzəm olaraq baş çəkirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB