ABŞ-ın hərbi gəmiləri Liviyaya doğru istiqamətləndiyi bir vaxtda İran gəmiləri Suriya sahillərindədir. 1979-cu ildən bu yana Aralıq dənizinə keçə bilməyən İran gəmiləri Misir hadisələrindən sonra bu fürsəti əldə edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, hər iki ölkənin donanmalarına məxsus gəmilər bomba yüklüdür.
İranın "Kharg" və "Alvand" adlı 2 hərbi gəmisi üçün Suriyanın Lazkiyə limanında qarşılanma mərasimi təşkil edilib. Xarici mətbuat nümayəndələrinin çəkilişinə icazə verilməyən mərasimdə hər iki ölkənin dövlət himnləri çalınıb. Suriyanın yüksək rütbəli hərbçilərin iştirak etdiyi tədbirə İranın bu ölkədəki səfiri Əhməd Musevi də qatılıb.
İranın Süveyş kanalı vasitəsilə hərbi gəmilərini Suriyaya göndərməsi İsrail tərəfindən sərt qarşılanıb. Rəsmi Təl-Əviv İranın bu addımını "təxribat" olaraq qiymətləndirib.
Suriyada fəaliyyət göstərən "ChamPress" informasiya agentliyinin yaydığı xəbərə görə, İran Dəniz Qüvvələrinin komandiri Habibullah Sayyari və suriyalı həmkarı arasında donanma sahəsində əməkdaşlıqla bağlı protokol imzalanıb. Protokolun "Khark" hərbi gəmisində imzalandığı bildirilir.
Məlumata görə, 33 min ton ağırlığında olan "Kharg" gəmisində 250 hərbçi və 3 vertolyot var. "Alvand"ın isə dənizdən dənizə raketlər və digər silahları daşıdığı ifadə olunur.
Pentaqondan verilən açıqlamada isə bildirilib ki, ABŞ-ın hərbi gəmiləri Liviyada vətəndaş müharibəsinin baş vermə ehtimalına nəzərə alaraq bu ölkəyə istiqamət alıb. Ağ Evin sözçüsü Jay Karney isə qeyd edib ki, Liviya lideri Muammar Qəddafinin sürgünə göndərilməsi də variantlardan biridir. Liviyadakı müxalif qruplarla əlaqədə olduqlarını ifadə edən Karney qeyd edib ki, ABŞ Liviyada xalqın istəklərini qarşılayan və haqlarına hörmət göstərən bir rəhbərin gəlməsi üçün çalışanlara kömək edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB