''AB və dünya Türkiyəni dəstəkləməlidir''

''AB və dünya Türkiyəni dəstəkləməlidir''

''Başqaları yerində sayarkən Türkiyə addım atır". SİA-nın verdiyi məlumata görə, bunu Prezident Rəcəb Tayyib Ərdoğan ABŞ-ın ''The Wall Street'' jurnalına verdiyi açıqlamasında bildirib.

Ərdoğan bildirib ki, Suriya daxili müharibələri müddətində heç bir ölkə yaşanan böhranın ağrılarını Türkiyə qədər hiss etməyib: "Türkiyə 3,6 milyon suriyalı qaçqını qəbul edərək səhiyyə və sığınacaq ehtiyaclarının qarşılanması üçün 40 milyard dollar xərcləyərək çox məsuliyyətli bir işi öz üzərinə götürdü. Ancaq dünya ölkələrindən, beynəlxalq təşkilatlardan çox az dəstək gördü. Beynəlxalq ictimaiyyət ya ölkəmizin səylərini dəstəkləməli, ya da qaçqınları qəbul etməyə hazır olmalıdır".

Ərdoğan qeyd edib ki, Türkiyə bu andan etibarən son həddədir: "Dəfələrlə xəbərdarlıq etmişik ki, beynəlxalq maliyyə dəstəyi olmadan qaçqınların Avropaya getməsinin qarşısını ala bilmərik. Öz məsuliyyətlərindən boyun qaçırmaq istəyən dövlətlər isə bu xəbərdarlıqlarımızı təhdid olaraq qəbul edibilər. Beynəlxalq cəmiyyətin lazımı tədbirləri görmədiyi qənaətinə gəldiyimizdə isə Suriyanın şimalında humanitar böhrana son qoymaq, köçün təməlində yatan şiddət və qeyri-sabitliyi bərqərar etmək üçün ötən həftə ''Sülh Çeşməsi'' Hərəkatını başlatdıq. Bu planı Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında ötən ay dünya liderləri ilə paylaşdıq. Mühacir böhranına son qoymaq üçün başqa bir seçim qalmayıb".

''Türkiyənin heç bir etnik və ya dini birliklərlə problemi yoxdur''

Ərdoğan ''Sülh Çeşməsi'' əməliyyatı müddətində Türk əsgərlərinin, Suriya Milli Ordusu ilə birlikdə Suriyanın şimal-şərqindəki terrorçuları zərərsizləşdirəcəklərini vurğulayıb: "Aralarında 300 min kürdün olduğu Suriyalı qaçqınların evlərinə qayıtmasına bu terrorçular mane olurlar. Eyni zamanda PKK terror təşkilatı və DEAŞ terror təşkilatıyla da mübarizə aparmağı planlaşdırırıq. Türkiyənin heç bir etnik və ya dini birliklərlə problemi yoxdur. Suriyanın terrorla əlaqəsi olmayan bütün vətəndaşları bizim nəzərimizdə bərabərdir. Xüsusilə PKK terror təşkilatıyla Suriyalı kürdlərin bir tutulmasına etiraz edirik".

Beynəlxalq ictimaiyyət Suriya böhranının bütün bölgəni qeyri-sabitlik yuvasına çevirməsinin qarşısını almaq fürsətini əldən verib

"Bu gün Türkiyəyə DEAŞ ilə mübarizənin əhəmiyyətini izah edən ölkələr, 2014-2015-ci illərdə xarici terrorist döyüşçüləri dayandırmaqda özləri uğursuz olmuşdular", - deyən Ərdoğan bunları qeyd etib: "Bəlkə adını vermək istəmədiyim bir Avropa ölkəsi, bir vətəndaşının 2014-ci ildə İstanbula gedən bir təyyarəyə, silah-sursatla necə minə bildiyini izah edəcək? Eyni şəkildə bu gün ölkəmizə silah satışına maneə törətməyə çalışan Fransa Türkiyənin terror hücumları ilə bağlı xəbərdarlıqlarına nə səbəblə ciddi yanaşmamışdır? Son olaraq Türkiyənin Suriyanın şimal-şərqində həyata keçirdiyi əməliyyatı "işğal" olaraq qələmə verən Ərəb Birliyi bəzi suallara cavab verməlidir. Türkiyənin suriyalı qaçqınları vətənlərinə geri qaytarmaq səylərindən bu qədər narahatlıq duyan bu ölkələr, neçə zərərçəkənə qapılarını açmışdır? Suriyadakı humanitar böhranı dayandırmaq üçün nə kimi addımlar atmışdır? Vətəndaş müharibəsinin sona çatması üçün hansı siyasi təşəbbüsləri dəstəkləmişdir? Beynəlxalq ictimaiyyət, Suriya böhranının bütün bölgəni qeyri-sabitlik yuvasına çevirməsinin qarşısını almaq fürsətini əldən vermişdir. Bir çox ölkələr bu münaqişənin yan təsirləri olan nizamsız miqrasiya və artan terror hadisələri kimi təcrübələri yaşamışdırlar. ''Sülh Çeşməsi'' əməliyyatı beynəlxalq ictimaiyyətə Suriyadakı döyüşlərin bitirilməsi sülh və sabitliyin yenidən bərqərar olması üçün Türkiyəyə dəstək vermə fürsətini bir daha təklif edir. Avropa Birliyi və dünya Türkiyənin başladığı bu əməliyyatı dəstəkləməlidir".

Ramilə Tanrıverdi

Bütün xəbərlər Facebook səhifəmizdə