"Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 14-cü maddəsinə əsasən, ombudsmanın illik məruzəsi il bitdikdən sonra iki aydan gec olmayaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməli, Milli Məclisə, Nazirlər Kabinetinə, Konstitusiya və Ali məhkəmələrə, baş prokurora göndərilməlidir.
Ombudsman Aparatının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, illik məruzə Azərbaycan Respublikasının Prezidentinə və Konstitusiya Qanunu ilə müəyyən edilmiş qaydada digər dövlət qurumlarına göndərilib.
"Azərbaycanda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında" 2010-cu il üzrə illik məruzədə müvəkkilin Azərbaycan Respublikasının Konstitusiyasında və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş, dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxslər tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpası, insan hüquqlarının müdafiəsi və pozulmasının qarşısının alınması, habelə insan hüquqlarının təmin edilməsi vəziyyətinin öyrənilməsi sahəsində fəaliyyəti, hüquqi maarifləndirmə və elmi-analitik işin nəticələri, onun dövlət qurumları, ictimaiyyətlə və kütləvi informasiya vasitələri ilə əməkdaşlığı, beynəlxalq əlaqələri, həmçinin insan hüquq və azadlıqlarının daha etibarlı təmin edilməsinə yönəlmiş ümumiləşdirilmiş təklif və tövsiyələri əksini tapıb.
İllik məruzənin Milli Məclisin iclasında dinlənilməsi nəzərdə tutulub.
Məruzə dinlənildikdən sonra geniş ictimaiyyətin tanış olması məqsədi ilə "Azərbaycan Respublikasının Qanunvericilik Toplusu"nda və digər mətbu orqanlarda dərc ediləcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB