"Türk Şurası artıq bir beynəlxalq gücə çevrilib" ÖZƏL-MÜNASİBƏT

“Bir kökdən, bir mədəniyyətdən olan dövlətlərin birgə fəaliyyət göstərməsi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) yaranmasına gətirib çıxardı”. Bunu görüşün əhəmiyyəti haqqında SİA-ya açıqlamasında Milli məclisin deputatı Aydın Mirzəzadə deyib.

Deputat bildirib ki, hər il keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Zirvə Görüşü dövlətlərin bir-biri ilə daha daha sıx münasibətdə olmasına, iqtisadi inkişafda dəstək olmasına və ən əsası, bir-birinin probleminə ümumi potensialla yanaşmasına imkan verir: "Bu il bu Şuraya Özbəkistan da qəbul olunub. Həmçinin Şuranın Macarıstanın paytaxtının Budapeşt şəhərində təmsilçiliyinin yaradılacağı da qeyd olunub".

A.Mirzəzadə bildirib ki, Şura artıq bir beynəlxalq gücə çevrilib: "Əlaqələr təkcə birlikdə birgə fəaliyyətdən getmir, eyni zamanda mənəvi dəyərlərin qorunması, vahid mədəniyyət yaranması və bir-birinin tarixi bu günü ilə yaxından tanış olmasına gətitib çıxarır. Tədbirin Azərbaycanda keçirilməsi, ölkəmiz ilə üzv ölkələrin arasında əlaqələrin daha da dərinləşməsinə, həmin ölkələrin rəhbərlərinin Azərbaycan reallığı, inkişafı ilə eyni zamanda Dağlıq Qarabağ problemi ilə daha yaxından tanış olmasına gətirib çıxarır".

Leyla Qəniyeva

Bütün xəbərlər Facebook səhifəmizdə