"Münaqişənin hansı yolla həll ediləcəyini tarix göstərəcək"

“Qarabağın Azərbaycana aid olmadığı ilə bağlı heç bir beynəlxalq sənəd yoxdur və bunu ermənilər çox yaxşı bilirlər. Bilirlər ki, belə bir sənəd yoxdur ki, orada yazılsın ki, Qarabağ Azərbaycanın deyil...”. SİA xəbər verir ki, bunu deputat Tahir Mirkişili Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin “Qarabağ Azərbaycandır və nida işarəsi” mövzusunda keçirilən iclasında deyib.

“Ermənilər əsas diqqəti Qarabağın ərazinə deyil, ermənilərin, orada olan insanların məsələsinə yönəldirlər. Bu, beynəlxalq diplomatiyada yeni yanaşmadır bu yanaşmaya görə insanların taleyi ərazi bütövlüyündən irəli keçməyə başlayıb. Sonuncu Suriya əməliyyatına fikir versəniz, heç bir ərazi bütövlüyündən söhbət getmir və daha çox insanların taleyi, təhlükəsizliyi əsas götürülür.

Bu mərhələdə biz hökmən Qarabağ dəyərlərini irəli sürməliyik. Bu baxımdan, Qarabağla bağlı təbliğat işlərinin aparılması üçün fond yaradılması təklifini dəstəkləyirəm. Əgər, hər birimiz ildə bir manat fonda versək, 10 milyon manat vəsait edər. Biz hər addımda Qarabağın Azərbaycana aid olduğunu önə çəkməliyik. Münaqişənin hansı yolla həll ediləcəyini tarix göstərəcək. Hamıya çox yaxşı bəllidir ki, münaqişənin həlli Azərbaycandan asılı deyil. Bu məsələ hansı mərhələdə, hansı vasitə ilə həll olunacaqsa, biz ona hazır olmalıyıq”, deyə deputat vurğulayıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə