Erməni türkoloq Türkiyənin mövqeyini dəstəklədi ANALİTİK

Akop Çakryan: “Bütün hallarda Türkiyə zəfər qazanan tərəf kimi qalır”.

Türkiyə silahlı qüvvələrinin Suriyada “Barış mənbəyi” adı altında antiterror əməliyyatlarna başlaması bir sıra Qərb ölkələri tərəfindən ikili standart mövqeyinə hədəf olsa da, reallıq budur ki, türk ordusu verilən qərarı yerinə yetirməkdə israrlıdır və qarşıya qoyulmuş məqsədləri həyata keçirməklə yanaşı, artıq əməliyyat çərçivəsində qələbələrini də qazanır. Sərhədlərinin PKK/PJK terror qruplaşmalarından təmizləmək məqsədini daşıyan “Barış mənbəyi” hərbi əməliyyatları hazırda Ermənistanda da təlaşla izlənilməkdədir. Belə ki, ermənilər terrora bağlı olan xalq olduqlarını bu dəfə də açıq-aydın ifadə etdilər. Daha dəqiq desək, Türkiyənin Suriyada kürd terror təşkilatlarına qarşı başlatdığı mücadilədə bilavasitə PKK/PJK kimi qanlı terror şəbəkələrinə qahmar çıxdılar.

“Türkiyəyə silah satışının dayandırılması heç nəyi dəyişdirmir, çünki Türkiyənin hazırda silahlara ehtiyacı yoxdur”

Lakin ermənilərin hansı mövqe tutmasından asılı olmayaraq, hadisələrə, geosiyasi olaylara, bütövlükdə isə, baş verənlərin nəticələrinə düşünən beyinlə də yanaşmaq lazımdır ki, bunu Ermənistanın tanınmış türkoloqu Akop Çakryan ilginc açıqlaması ilə bildirib. Erməni türkoloqu iddia edib ki, hansı ölkələrin və siyasi güclərin Türkiyəyə qarşı addımlar atmalarından asılı olmayaraq, bu ölkə qarşısına qoyduğu məqsədə çatmayınca, verilən qərarı icra etməyincə hərbi əməliyyatlarını davam etdirəcək.

Çakryan Türkiyəyə silah satışının dayandırılması və s. bu kimi məsələlərə münasibətini bildirərkən reallığı ortaya qoyub. “Fərqli ölkələr tərəfindən Türkiyəyə silah satışının dayandırılması heç nəyi dəyişdirmir, çünki Türkiyənin hazırda silahlara ehtiyacı yoxdur, xüsusən azad silah bazarı olduğu üçün, istənilən ölkə nağd pullar silah ala bilər”. SİA xəbər verir ki, A.Çakryan bunu tert.am-a açıqlamasında deyib.

“Bəşər Əsəd kürdlərə xəbərdarlıq etmişdi ki, Türkiyə əraziyə daxil olaraq, silahlıları məhv edəcək”

O, həmçinin qeyd edib ki, Suriyanın prezidenti Bəşər Əsəd zamanında bu siloah satışı məsələsi ilə bağlı cari ilin avqustunda kürdlərə müraciət etmişdi, lakin sonuncular həmin müraciəti qəti şəkildə qəbul etmədilər, çünki həmin vaxt ABŞ-la silah alışı məsələsində danışıqlar aparırdılar. SİTAT: “"Onlar muxtariyyət istəyirdilər, Bəşər Əsəd isə bu məsələdə onların istəklərini rədd etdi. Hətta kürdlərin etiraz edəcəkləri halda, Türkiyənin onların ərazilərinə daxil olub, silahlı dəstələrini məhv edəcəyini də xəbərdar etdi. Ərdoğan isə, eyni zamanda Suriyanın demokratik qüvvələrinin terrorçu qüvvələr olduğunu iddia edir və Türkiyənin milli təhlükəsizliyini təmin etmək üçün onların da məhv edilməli olduğunu açıqlayır”.

“Rusiya Bəşər Əsədi Türkiyə ilə danışıqlar masasına oturmağa razı salmağa çalışır"

Erməni türkoloqunun sözlərinə görə, Rusiya Türkiyə ilə Suriya arasında vasitəçi olmaq istəyir ki, bunun da nəticəsi bəlli deyil. “Rusiyanın Türkiyəni Bəşər Əsədlə danışıqlara razı olması üçün dilə tutması belə, Suriyanın hazırkı hökumətini təhdid etmək üçün bir yoldur. Türkiyə Suriya ərazilərini ələ keçirməyə davam etməyə başladı, Rusiya isə Bəşər Əsədi Türkiyə ilə danışıqlar masasına oturmağa razı salmağa çalışır", Çakryan deyib.

O, həm də iddia edir ki, Suriyada mövcud olan mühit çox yəqin ki, uzun müddət davam edəcək: “Suriya hökumət qüvvələri şimala doğru irəliləyirlər. Rusiyanın mövqeyi orada vacibdir. Lakin xəyanəti də istisna etmək olmaz. ABŞ isə Türkiyəni Rusiyadan uzaqlaşdırmaq istəyir, Rusiya isə ABŞ-ın "qucağına" düşməməsi üçün Türkiyəyə əlavə təzyiq göstərmək istəmir. Onlar yarışırlar və nəticədə Türkiyə "ixtilaf alması" na çevrilir”.

Akop Çakryan əlavə edib ki, bu fürsəti əldən verməyən Türkiyə Rusiya və ABŞ arasında manevr etmək imkanı qazanır. “Bütün hallarda Türkiyə zəfər qazanan tərəf kimi qalır”.

Beləliklə, erməni türkoloqu əslində, sözügedən açıqlaması ilə açıq-aşkar Türkiyənin sözügedən siyasi gedişlərdən uduşla çıxacağını proqnozlaşdırıb və hətta Türkiyəyə qarşı başladılan kampaniyaların heç bir nəticə verməyəcəyini bəri başdan iddia edib. Türkiyənin isə Suriyada antiterror zəfəri davam edir!

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə