Türkdilli ölkələrin əməkdaşlığı ildən ilə genişlənir

Türkdilli ölkələrin əməkdaşlığı ildən ilə genişlənir

Türkdilli ölkələrin dövlət başçılarının 2009-cu ildə Naxçıvanda keçirilmiş Zirvə Toplantısında yaradılmış Türk Şurası çərçivəsində bu gün ölkələrimiz bütün sahələrdə, xüsusilə siyasi, iqtisadi-ticarət və mədəni-humanitar sahələrdə uğurla əməkdaşlıq edir. SİA xəbər verir ki, bunu oktyabrın 14-də Bakıda İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Azərbaycan Sahibkarlar Konfederasiyasının təşkilatçılığı ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ ) VII Zirvə Görüşü çərçivəsində keçirilən biznes forumda İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov deyib.

Nazir müavini xüsusilə vurğulayıb ki, türkdilli ölkələrin qarşılıqlı hörmətə, dostluğa və qardaşlığa əsaslanan əməkdaşlığı ildən ilə genişlənir.

“İqtisadi əməkdaşlıqda ticarət sahəsi əhəmiyyətli yer tutur və bu sahədə müsbət dinamika müşahidə olunur. TDƏŞ-in fəaliyyət göstərdiyi 10 il ərzində üzv ölkələr arasında ticarətin həcmi 2 dəfəyə yaxın artıb. Məhsullar üzrə üzv ölkələrin qarşılıqlı ticarət dövriyyəsi 7 milyard ABŞ dollarına çatıb. Üzv ölkələrin Azərbaycanın xarici ticarətindəki payı isə 12% təşkil edir. Ölkələrimizin iqtisadi potensialı bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar yaradır. İkitərəfli və çoxtərəfli biznes forumlar, keçirilən sərgilərdə daha geniş iştirak bu imkanların reallaşdırılmasına xidmət edir.

Bu gün üzv ölkələr dünya miqyasında böyük əhəmiyyət daşıyan layihələri birlikdə həyata keçirir, Avrasiyanın enerji və nəqliyyat xəritəsini yenidən tərtib edir. Bu baxımdan Azərbaycan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars, Cənub Qaz Dəhlizi kimi regional və qlobal əhəmiyyətli enerji və nəqliyyat layihələrinin təşəbbüskarı və icraçısıdır.

TDƏŞ üzvü olan ölkələr investisia sahəsində də uğurlu əməkadaşlıq edir. Şuraya üzv ölkələr Azərbaycan iqtisadiyyatına 12,3 milyard ABŞ dolları həcmində investisiya qoyub, onların 3200 şirkəri Azərbaycanda uğurla fəaliyyət göstərir. Azərbaycan isə üzv ölkələrin iqtisadiyyatına 15,3 milyard ABŞ dolları sərmayə yatırıb”, deyə nazir müavini bildirib.

İqtisadiyyat nazirinin müavini vurğulayıb ki, investisiya sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün Azərbaycan tərəfindən yaradılması təklif olunmuş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Birgə İnvestisiya Fondu əhəmiyyətli mexanizm ola bilər.

Rüfət Məmmədov Türk Şurası ölkələri arasında iqtisadiyyatın bir çox sahələrində, o cümlədən ticarət və investisiya, kiçik və orta biznes, enerji, nəqliyyat, kənd təsərrüfatı və qida istehsalı, sənaye, təhsil, turizm, İKT, maliyyə sahələrində əməkdaşlıq imkanlarının geniş olduğunu bildirib, işgüzar dairələri bu imkanlardan yararlanmağa və qarşılıqlı faydalı birgə layihələri həyata keçirməyə dəvət edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə