Azərbaycanlı tələbələr Böyük Britaniyada təhsil alacaqlar

Azərbaycanlı tələbələr Böyük Britaniyada təhsil alacaqlar
Bu gün Azərbaycan Dillər Universitetində (ADU) Böyük Britaniyaya oxumağa yola düşəcək tələbələr və onların valideynləri ilə görüş keçirilib. SİA-nın xəbərinə görə, görüşdə ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov, Böyük Britaniyanın Azərbaycandakı səfiri Peter Bateman, British Councilin Azərbaycan üzrə nümayəndəliyinin direktoru Pol Klementon, universitetin professor-müəllim heyəti, həmçinin tələbələrin valideynləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan ADU-nun rektoru Səməd Seyidov bildirib ki, son dövrlər universitetin Fransa, Almaniya, Norveç, Koreya, Çin və digər ölkələrlə əlaqələri, münasibətləri yüksək səviyyədə inkişaf edir. Onun sözlərinə görə, ADU hər zaman öz xarici əlaqələri ilə seçilən ali məktəbdir. Universitetdə ingilis dilinə xüsusi önəm verildiyini deyən rektor söyləyib ki, ingilis dili fakultəsində təhsil alan tələbələrə demokratik dəyərlərin çatdırılması önəmli məsələdir. S.Seyidov qeyd edib ki, ADU tələbələrin xaricdə oxuması istiqamətində işləri yüksək səviyyədə təşkil edilib: "Azərbaycan təhsil sistemində elə bir ənənə formalaşıb ki, xarici ölkələrlə qurulan əlaqələrə əsasən tələbələr oxumaq üçün müxtəlif ölkələrə göndərilir. Bu proqram son zamanlar xüsusilə seçilməyə başlandı və daha geniş vüsət aldı. Son dövrlər Böyük Britaniyada oxumaq üçün səylər aparıldı. Bu məsələ digərləri ilə müqayisədə bir balaca fərqli idi. Belə ki, Böyük Britaniyada ali məktəbə ya orada orta məktəbi qurtardıqdan sonra, ya da ki xüsusi hazırlıq kurslarını bitirəndən sonra qəbul olmaq olar. Azərbaycanlılar məktəbi bitirdikdən sonra birbaşa olaraq Böyük Britaniyada gedib oxuya bilməz. Çünki Böyük Britaniya və Azərbaycan təhsili bir-birinə uyğun gəlmir. Univeristetdə bu istiqamətdə xüsusi işlər apardıq, mühüm əlaqələr qurduq və bu da bugün öz nəticələrini verməkdədir. Azərbaycanlı tələbələrin Böyük Britaniya universitetində təhsil alması istiqamətində də Azərbaycan Dillər Universiteti ilə imza atıldı".

S.Seyidov vurğulayıb ki, bu yaxınlarda Azərbaycan Dillər Universitetinin 23 tələbəsi təhsillərini Böyük Britaniyanın nüfuzlu Esseks Universitetində davam etdirəcək. Onun sözlərinə görə, 2010-cu il oktyabr 10-da ADU ilə Esseks Universiteti arasında imzalanan müqavilə çərçivəsində baş tutacaq səfərə universitetin 1 saylı İngilis dili fakultəsindən 18, 2 saylı İngilis dili fakültəsindən 3, Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsindən isə 2 tələbə yollanacaq: "Sözügedən müqavilənin şərtlərinə əsasən, tələbələr Dillər Universitetində I-II kursları bitirdikdən sonra təhsillərini Esseks Universitetində davam etdirərək ikili diplom alacaqlar. Bundan başqa, hər iki universitetin professor-müəllim heyətinin, departament rəhbərlərinin qarşılıqlı səfərləri də nəzərdə tutulub. Təhsilini Esseks Universitetində davam etdirmək istəyən tələbələrin ingilis dili bilikləri yüksək səviyyədə yoxlanılıb və onların Böyük Britaniyaya getməsinə razılıq verilib".

Tədbirin davamında çıxış edən universitetin xarici dil fakultəsinin dekanı Əfqan Abdullayev layihə haqqında ətraflı məlumat verib. Böyük Britaniyanın Azərbaycandakı səfiri Peter Bateman da öz növbəsində iki ölkə arasında bütün istiqamətlər, o cümlədən təhsil sahəsində mühüm işlərin görüldüyünü söyləyib. O, Azərbaycanlı tələbələrin Böyük Britaniyada təhsil almasını yüksək qiymətləndirib.

Bütün xəbərlər Facebook səhifəmizdə