Türkmənistanın təşkilatçılığı ilə "Xəzər dənizində boru xətlərinin ətraf mühitə təsiri" mövzusunda beynəlxalq konfrans keçirilir. SİA-nın "Cihan" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Türkmənistan Neftqaz Nazirliyinin təşkil etdiyi konfransda Azərbaycan ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov da iştirak edir. Çoxlu sayda xarici neft və təbii qaz şirkət nümayəndəsinin qatıldığı konfransda transxəzər boru xəttinin ətraf mühitə təsiri müzakirə olunub.
Konfransın əvvəlində Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun məktubu oxunub. Onun məktubunda Türkmənistanın Xəzərsahili ölkələrlə dostluq və yaxşı qonşuluq prinsipləri çərçivəsində yaxın əməkdaşlıq yaratdığı vurğulanıb. Məktubda Xəzər bölgəsinin streteji baxımdan əhəmiyyətli bir bölgə olduğu, transxəzər boru xəttinin tikiləcəyi halda beynəlxalq ekologiya standartlarına əməl edilməsinin lazım olduğu ifadə olunub. Konfransın birinci iclasında H.Bağırov, Avropa Birliyinin enerji məsələləri üzrə komissarının nümayəndəsi Jon Arnold Vine və türkmənistanlı alımlər çıxış edib.
Konfransdan sonra türkiyəli jurnalistlərə açıqlama verən H.Bağırov Xəzərdən keçəcək boru xəttinin ətraf mühitə hansısa təsirinin olmadığını deyib. Qara dənizdə həm təbii qaz, həm də neft xəttinin olduğunu qeyd edən nazir Xəzər dənizində uzun illərdir ki, neft və təbii qaz çıxarıldığını söyləyib. O, bildirib ki, iki ölkə razılığa gələrək öz ərazilərindən təbii qaz xəttə çəkə bilər. N.Bağırov neftə nisbətən təbii qazın zərərli olmadığını, hansısa problem olacağı halda təbii qazın suya qarışmadan havaya qarışacağını bildirib.
Qeyd edək ki, Türkmənistanın 24,6 trilyon kubmetr təbii qaz, 20,8 milyard ton neft ehtiyatının olduğu ehtimal edilir. Xəzər dənizinin bu ölkəyə məxsus hissəsində isə 12 milyard ton neft və 6,5 trilyon kubmetr təbii qaz ehtiyatının olduğu bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB