“Qarabağ Azərbaycandır!” bəyanatı ATƏT-i konkret addımlar atmağa vadar edəcək” AÇIQLAMA-ÖZƏL

“Qarabağ Azərbaycandır!” bəyanatı ATƏT-i konkret addımlar atmağa vadar edəcək” AÇIQLAMA-ÖZƏL

“Azərbaycan Prezidenti İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya klubunda səsləndirdiyi “Qarabağ Azərbaycandır!” mesajı bu gün ölkə ictimaiyyətində çox böyük rezonansa səbəb olub və insanlarda vətənpərvərlik hissinin oyanmasına təkan verib. Ali Baş Komandanın bu bəyanatı Azərbaycanda bir hərəkata çevrilməkdədir”. Bunu SİA-ya açıqlamasında deputat Mirkazım Kazımov deyib.

Deputat bildirib ki, ölkə başçısının bu mesajı bugünədək səngiməyən vətənpərvərlik əhval-ruhiyyəsi son illərin ən yüksək pilləsinə yüksəldib və xalqda torpaqlarımızın qeyd-şərtsiz geri qaytarmaq əzmi və inamı qat-qat artıb.

Onun sözlərinə görə, Ali Baş Komandanın “Qarabağ Azərbaycandır!” çağırışı indiki dövrün milli ideyası statusunu qazanmaqdadır: "Ona görə də hakim Yeni Azərbaycan Partiyası bu çağırışın dövrün milli ideyaya çevrilməsi və hərəkata çevrilməsi istiqamətində fəaliyyətə başlayıb. YAP sədrinin müavini Əli Əhmədov “Qarabağ Azərbaycandır!” hərəkatı yaradılması ilə bağlı çağırışla çıxış edib və reallaşdırılması üçün konkret addımlar atamağa başlayıb. Ümid edirəm ki, yaxın gələcəkdə bu böyük bir hərəkata çevriləcək və yüz minlərlə insan bu hərəkatın sırlarına qatılacaq. Çünki torpaqlarımızın işğaldan azad olunmasında milli birlik və vətəndaş həmrəyliyi əhəmiyyətli dərəcədə vacibdir”.

M. Kazımov vurğulayıb ki, Azərbycan Prezidentinin “Valday” tədbirində çıxışı beynəlxalq auditoriyaya, dünya ictimaiyyətinə və təşkilatlarına ünvanlanmışdı: “Cənab İlham Əliyevin “Valday”da bir sıra dövlət başçılarının, çoxsaylı beynəlxalq siyasi ekspertlərinin və mətbuat nümayəndələrinin qarşısındakı qətiyyətli çıxışının arxasında möhtəşəm gücün dayandığı heç kimdə şübhə yaratmır. Bu güc hər şeydən əvvəl xalqın iradəsi, Azərbaycanın Silahlı Qüvvələrinin döyüş qabiliyyəti, nəyin bahasına olursa olsun torpaqlarımızı işğaldan azad etmək əzmidir”.

Deputat əlavə edib ki, Prezident İlham Əliyev beynəlxalq tribundan istifadə edərək Azərbaycan xalqının vahid mövqeyini bütün lazımi ünvanlara çatırdı: “Artıq Ermənistan bundan nəticə çıxarmalı, öz xülyasından əl çəkməlidir. Mesajın digər ünvanları münaqişənin həllində laqeyd mövqe bəsləyən beynəlxalq təşkilatlar, xüsusən də birbaşa olaraq Qarabağ münaqişəsinin nizama salınması ilə əlaqədar vasitəçilik missiyasını üzərinə götürən ATƏT-in Minsk Qrupu həmsədr ölkələri idi. Ölkə başçısının belə cəsarətli çıxışı torpaqları işğaldan azad etmək əzmini daha da qətiləşdirir. Ona görə də hesab edirəm ki, “Qarabağ Azərbaycandır!” bir hərəkata çevrilməlidir. Xalqın bir araya gəlməsi düşünürəm ki, beynəlxalq aləmi və münaqişənin həlli ilə birbaşa məşğul olan ATƏT və həmsədr ölkələri konkret addıma vadar edəcək”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə