Akademik Ramiz Mehdiyevin “Gorus - 2010: absurd teatrı mövsümü” kitabının ictimai müzakirəsi keçirilib

Akademik Ramiz Mehdiyevin “Gorus - 2010: absurd teatrı mövsümü” kitabının ictimai müzakirəsi keçirilib

Bu gün Azərbaycan Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Gorus - 2010: absurd teatrı mövsümü" adlı monoqrafiyasının yer aldığı kitabın ictimai müzakirəsi keçirilib. SİA-nın məlumatına görə, "Vətən Uğrunda" QHT Koalisiyası tərəfindən təşkil edilən müzakirələrdə qeyri-hökumət təşkilatları və ictimaiyyət nümayəndələri iştirak edib.

 

Koalisiyanın koordinatoru Samir Mehdizadə kitabın ən böyük məziyyətinin burada olan faktlara həm tarixçi, həm də siyasətçi kimi yanaşmağın mümkün olması olduğunu deyib. O. söyləyib ki, müəllif Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə tənzimlənməsi prosesində Ermənistan rəhbərliyinin dünya ictimaiyyəti qarşısında oynadığı riyakar rolunu elmi əsaslar və ustalıqla ifşa edib.

 

Kitabın böyük ictimai-siyasi əhəmiyyətinin olduğunu deyən S.Mehdizadə bildirib ki, kitab 2010-cu il oktyabr ayında Ermənistan prezidenti Serj Sarkisyanın erməni diasporunu təmsil edən jurnalistlər qarşısında etdiyi çıxışa layiqli cavabdır. Erməni tarixçiləri və siyasətçilərin ən çox istinad etdiyi "Arsax" sözünün də ermənilərlə heç bir əlaqəsinin olmadığının kitabda inkaredilməz faktlarla göstərildiyini deyən S.Mehdizadə vurğulayıb ki, monoqrafiyanın tarixilik baxımından əhəmiyyəti də böyükdür: "Bu qiymətli əsərdə sübut olunur ki, hazırda Ermənistanın yerləşdiyi ərazi qədim Azərbaycan torpaqlarıdır, bu torpaqların ən qədim yerli əhalisi Azərbaycan türkləri olub. Kitabda ermənilərin nəinki Cənubi Qafqaza, eyni zamanda Ön Asiyaya gəlmə olduqları tarixi faktlarla göstərilib. Azərbaycana məxsus yer adlarının ermənilər tərəfindən özününküləşdirilməsi, Azərbaycan tarixinin erməni müəllifləri tərəfindən saxtalaşdırılması və sair məsələlər elmi əsaslarla işıqlandırılır. Akademik Ramiz Mehdiyev sübut edib ki, ermənilər XV əsrin ortalarına kimi Cənubi Qafqazda yaşamayıb. Ermənilərin sonradan bu əraziyə köçürülməsi faktı monoqrafiyada erməni tarixçilərin öz dili verilib".

 

Azərbaycan Gənclərinin Avropaya İnterqrasiyası Təşkilatı İdarə Heyətinin sədri Nərgiz Eyvazova, Hüquqi düşüncə İctimai Birliyinin sədri Muxtar Mustafayeva və digərləri çıxşlarında monoqrafiyanın dəqiq faktlar əsasında yazıldığını vurğulayıblar. M.Mustafayev bildirib ki, kitab bir sıra xarici dillərə tərcümə olunaraq beynəlxalq təşkilatların, o cümlədən Avropa Şurasının kitabxanasına təqdim edilməlidir.

 

Sonda dəyirmi masa iştirakçıları tərəfindən bəyanat qəbul olunub. Bəyanatda qeyd olunub ki, millət vəkilləri qeyd olunan kitabdakı tarixi faktların daha geniş ictimaiyyətə çatdırılması, xüsusilə də öz seçiciləri arasında təşviq edilməsi üçün imkanlarından istifadə etsinlər. Bəyanatda daha sonra deyilir: "QHT-lər üzvləri və hədəf qrupları arasında tədbirin davamı olaraq bu kitabın müzakirəsini təşkil etsinlər. KİV-lər kitabın təbliğatı istiqamətində geniş auditoriyaya təsir imkanlarından istifadə etsinlər".

Bütün xəbərlər Facebook səhifəmizdə