Monqolustan və Türkmənistan Azərbaycanın pensiya sistemini öyrənəcək

Monqolustan və Türkmənistan Azərbaycanın pensiya sistemini öyrənəcək

Monqolustan və Türkmənistanın sığorta-pensiya qurumları Azərbaycan təcrübəsini öyrənmək üçün Dövlət Sosial Müdafiə Fonduna (DSMF) rəsmi müraciət ediblər. DSMF-in İctimaiyyətlə əlaqələr sektorundan SİA-ya verilən məlumata görə, Monqolustanın Sosial Sığorta Fondu tərəfindən ünvanlanan məktubda müvafiq nümayəndə heyətinin DSMF ilə əməkdaşlıq etmək üçün Azərbaycana səfər etmək niyyətində olduqları bildirilib.

"Bir çox informasiya mənbələrindən aldığımız məlumatlara görə, sizin ölkəniz bazar iqtisadiyyatının prinsiplərinə, müasir tələblərə cavab verən və ədalətlilik prinsipinə əsaslanan şəffaf və aydın fərdi sosial sığorta sistemi formalaşdırmışdır və bu sistem digər ölkələr üçün modelə çevrilib. Regionda digər ölkələri geridə qoymuş Azərbaycanın müvəffəqiyyətli pensiya islahatı barədə biz məlumatlıyıq və məmnuniyyət hissi ilə sizin təcrübənizdən yararlanmaq istərdik", - deyə Monqolustanın Sosial Sığorta Fondunun Baş direktorunun məktubunda vurğulanır.

Türkmənistanın nümayəndə heyəti də Azərbaycanla sığorta-pensiya islahatları üzrə əməkdaşlıq istiqəmətində razılıq əldə etmək üçün ölkəmizə səfərə gəlmək niyyətində olduqlarını bildiriblər. Əfqanıstan Respublikasının nümayəndə heyəti isə artıq bir dəfə Azərbaycanda səfərdə olub. Dünya Bankının Əfqanıstan üzrə layihəsi çərçivəsində baş tutan səfər zamanı DSMF-də olan nümayəndə heyəti ölkəmizdə sığorta-pensiya sistemində həyata kecirilən və beynəlxalq etimad qazanan islahatlarla tanış ediliblər. Bu səfərin nəticələrinə əsasən, iki ölkənin müvafiq qurumları arasında gələcək əməkdaşlığı nəzərdə tutan saziş layihəsinin imzalanması nəzərdə tutulur.

Xatırladaq ki, Dünya Bankı missiyasının rəsmi məlumatında Azərbaycanın sığorta-pensiya sisteminin beynəlxalq model olaraq çıxış etdiyi və Fondun beynəlxalq sosial təminat aləmində nüfuzlu bir quruma çevrildiyi əks etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə