Bakıda "Rus Kitab Evi"nin açılmasının 10 illik yubileyi qeyd olunub TƏDBİR

Bu gün Bakıda “Rus Kitab Evi”nin açılmasının 10 illik yubileyi qeyd olunub. SİA-nın xəbərinə görə, tədbirdə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Rusiya Federasiyası Prezidentinin xarici ölkələrlə regionlararası və mədəni əlaqələr idarəsinin rəisi Vladimir Çernov, Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası işləri üzrə və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikov, Azərbaycan Rus İcmasının sədri, Milli Məclisinin deputatı Mixail Zabelin, Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov, Rusiya yazıçısı, publisist Yuri Polyakov, Azərbaycanın Xalq yazıçısı, Yazıçılar Birliyinin katibi, Azərbaycan PEN-klubun prezidenti Çingiz Abdullayev, Moskvadakı A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutunun rektoru Marqarita Rusetskaya, “Azərbaycan” nəşriyyatının direktoru Ağabəy Əsgərov, “Avrasiya tədqiqatları institutu” inkişaf fondunun Azərbaycan filialının icraçı direktoru Rauf Həsənov və digərləri iştirak ediblər.

Tədbirdə ilk çıxış edən Prezidentin köməkçisi Əli Həsənov bildirib ki, Azərbaycan-Rusiya münasibətləri ölkəmizin xarici siyasətinin əsas prioritetlərindən biridir: “İki ölkə arasında münasibətlərin dərin kökləri var və onların əsasında qarşılıqlı anlayış və hörmət dayanır. 100 ildən artıqdır ki, xalqlarımız arasında xoş münasibətlər davam edir. Dövlət müstəqilliyimiz bərpa edildikdən sonra Rusiya ilə olan tarixi münasibətlər qorunub saxlanmaqla yanaşı, bu münasibətlər daha keyfiyyətli səviyyəyə qaldırılıb: “Burada təbii ki, vaxtilə Ulu Öndər Heydər Əliyevin, daha sonra isə Prezident İlham Əliyev və Rusiya prezidenti Vladimir Putinin əvəzsiz rolu olub”.

Ə.Həsənov söyləyib ki, Azərbaycanla Rusiya arasında əlaqələr siyasi, humanitar, iqtisadi sferaları əhatə edir: “Beynəlxalq tədbirlər, forumlar çərçivəsində hər iki liderin bir-birilərinin ölkələrinə səfərlər etməsi, bu münasibətləri daha da inkişaf etdirir".

Post sovet ölkələri arasında Azərbaycanda rus dilinə böyük hörmətlə yanaşıldığını deyən Ə.Həsənov vurğulayıb ki, həm Çar Rusiyası, həm də Sovetlər Birliyi dövründə rus dili dünya elmi üçün bir pəncərə rolunu oynayıb: “Rus dili nəinki Rusiya mədəniyyəti, ədəbiyyatı, eləcə də bütün dünya mədəniyyət və ədəbiyyatını öyrənmək vasitə olub. Yeri gəlmişkən Bakı Dövlət Uuniversitetinin (BDU) 100 il bundan öncə fəaliyyətə başlamasında da rus alimlərinin böyük rolu olub. Onların içərsində Vladimir Razumovskinin misal göstərmək olar. BDU fəaliyyətə başlayanda da orada təhsil ancaq rus dilində olub. Ümummilli Lider istedadlı gəncləri biliklərini artırmaq üçün xarici ölkələrə təhsil almağa yönəldirdi. Daha sonra həmin tələbələr təhsillərini inkişaf etdirərək Azərbaycana öz töhfələrini veriblər”.

Prezident köməkçisi qeyd edib ki, Azərbaycanda müstəqillik əldə olunadan sonra da rus dili öz aktuallığını davam etdirib: “Hazırda 300-dən çox təhsil müəssisəsində rus dili tədris olunur. Azərbaycanda əhalinin çoxu rus dilində sərbəst danışmağı bacarır. Bakının xəritəsində Mixail Lermontov, Aleksandr Sergeyeviç Puşkin, Lev Talstoyun adını daşıyan küçələr var. Puşkin mövzusu açılmışkən qeyd edim ki, Ulu Öndərin rəhbərliyi dövründə Azərbaycanda küçələrdən birinə onun adı verilib. Azərbaycanda Slavyan Universiteti, Səməd Vurğun adına Rus Dram Teatrı, teatrlarda rus dilli truppalar fəaliyyət göstərir. Bununla yanaşı Azərbaycanda iki böyük ali məktəb - M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filalı fəaliyyət göstərir. Rus dilində qəzet və jurnallar, bədii ədəbiyyat nəşr olunur”.

Ə.Həsənov əlavə edib ki, Cənubi Qafqaz ərazisində rusların ən çox yaşadığı yer Azərbaycan olub: “Onlar bizim ölkədə azad, ənənələrinə uyğun, rahat şəkildə yaşayır, dövlətçiliyimizin möhkəmləndirilməsində aktiv rol oynayır, siyasi ictimai platformalarda yer alırlar. Yuxarıda saydığım hallar iki ölkə arasında olan müsbət əlaqələr nəticəsində baş verib. Sonda nitqimi cənab İlham Əliyevin fikirləri ilə yekunlaşdırıram: "Əziz dost və qonşular arasında olan münasibətlər necədirsə, bizim də Rusiya ilə münasibətlərimiz elədir". Hesab edirəm ki, “Rus Kitab Evi”nin Bakıdakı fəaliyyətinin 10 illiyinə həsr olunan tədbir iki ölkə arasında gələcək humanitar əməkdaşlığa töhfə verəcək. Kitab Evinə çoxlu sədaqətli alıcı, bütün kollektivə möhkəm can sağlığı və fəalyyətlərində yeni-yeni uğurlar arzu edirəm”.

Daha sonra çıxış edən Rusiya Federasiyası Prezidentinin xarici ölkələrlə regionlararası və mədəni əlaqələr idarəsinin rəisi Vladimir Çernov söyləyib ki, “Rus Kitab Evi” 10 il bundan öncə həyata keçirilən mühüm layihədir: “Bu ideyanı ölkə başçı İlham Əliyevin dəstəyi olmadan həyata keçirmək mümkün olmazdı. Biz Azərbaycanda rus dilinə və ədəbiyyatına marağı dəstəkləyirik. Ötən 10 il müddətində kitab evində çoxlu sayda tədbirlər keçirilib, rus dilində minlərlə kitab təqdim olunub. İnanıram ki, bundan sonra da bu tədbirlər davam edəcək. Kitab evində çalışanlara və onun inkişafına dəstək olanlara təşəkkür edirik. İnanırıq ki Azərbaycan Rusiya münasibətləri bundan sonra da möhkəmlənəcək və daha da inkişaf edəcək”.

Çıxışdan sonra “Azərbaycan” Nəşriyyatının baş direktoru Ağabəy Əsgərova Rusiya Prezidenti Vladimir Putinin fərmanı əsasında “Puşkin” medalı təqdim edilib. Qeyd edilib ki, A.Əsgərov Rusiya və Azərbaycan xalqlarının mədəniyyətlərinin yaxınlaşması və qarşılıqlı surətdə zənginləşməsi işinə töhfəsinə görə mükafatlandırılıb. Tədbirdə "Avrasiya tədqiqatları institutu” inkişaf fondunun Azərbaycan filialının icraçı direktoru Rauf Həsənov və “Rus Kitab Evi”nin direktoru İsrafil İsmayılov təltif ediliblər.

Növbəti çıxışı Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası işləri üzrə və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikov edib. Azərbaycanda rus dilinə olan yüksək münsaibətdən söz açan Kalaşnikov söyləyib ki, post-sovet ölkələrinin heç birində rus dilinə Azərbaycandakı kimi qiymət verilmir.

O Rusiyada bir çoxlarının xoşun gəlməsə də, rus dilinə olan münasibətlə bağlı Azərbaycanı nümunə gətirdiyini dilə gətirib.

Daha sonra Milli Məclisin deputatı Mixail Zabelin çıxış edərək söyləyib ki, Azərbaycanda rus dilinin genişləndirlmısi və inkişafı kiminsə xoşuna gəlmək üçün edilməyib: “Ulu Öndər Rusiyadan olan nümayəndənin bu mövzu ilə bağlı sualını cavablandırarkən söyləmişdi ki, rus dilinin inkişafı cəmiyyətin tələbidir”.

Deputat vurğulayıb ki, Azərbaycanda təkcə rus dilli deyil, eləcə də digər dillərdə olan kitablara qiymət verilir: “Bir neçə gün bundan öncə Bakıda beynəlxalq kitab sərgisi keçirilmişdi və həmin sərgidə çoxlu sayda rus dilli kitablar təqdim olunmuşdu. Azərbaycanda bütün dillərə və millətlərə böyük hörmət və qayğı ilə yanaşılır. Azərbaycan Cənubi Qafqazın paytaxtı olmaqla yanaşı, həm də Avropanın mltikuktural mərkəzidir”.

Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov iki ölkə arasında humanitar sahədə mühüm əməkdaşlıqdan söz açıb: “Mən hər kəsə kitab oxumaq həvəsinin heç zaman ölməməsini və çoxlu sayda yazıçıların olmasını arzu edirəm. Əgər yazıçılar olmasa kitab evləri də mövcud ola bilməz”.

Rusiyalı yazıçı publisist Yuri Polyakov Bakıda “Rus Kitab Evi”nin fəaliyyət göstərməsinin onlar üçün çox vacibliyini qeyd edib: “Belə bir evdə hələ də kitab oxumaq həvəsinin ölmədiyinə əmin olursan. Yazıçılar çoxdur, lakin ən əsası kimlərin əsərlərin oxunmasıdır. Yaxşı kitab insanı da yaxşı edir. Pis kitab isə insana pis təsir edir. Ədəbiyyat insanı inkişaf etməyə, yaxşı ya inanmağa kömək edir”.

Daha sonra Azərbaycan PEN-klubun prezidenti Çingiz Abdullayev, Moskvadakı A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutunun rektoru Marqarita Rusetskaya, “Azərbaycan” nəşriyyatının direktoru Ağabəy Əsgərov, “Avrasiya tədqiqatları institutu” inkişaf fondunun Azərbaycan filialının icraçı direktoru Rauf Həsənov çıxış edərək “Rus Kitab Evi”nin 10 illik yubileyini təbrik edib və onların gələcək fəaliyyətləri haqqında xoş fikirlərini bildiriblər.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə