ATƏT PA-nın sessiyasında Ermənistanın monoetnik siyasəti ifşa edilib
Vyanada keçirilən ATƏT-in Parlament Assambleyasının (ATƏT PA) X qış sessiyası fevralın 25-də işini davam etdirib.
SİA-nın xəbərinə görə, ATƏT məkanında immiqrasiya, inteqrasiya və multietnik dialoq mövzusunda keçirilmiş xüsusi debatlarda Azərbaycan nümayəndə heyətinin üzvləri çıxış etmiş, diqqəti Azərbaycanın bu sahədə üzləşdiyi problemlərə yönəldiblər.
Milli Məclisin komitə sədri Rəbiyyət Aslanova qeyd edib ki, inteqrasiya və etnik qruplar arasında münasibətlərin tənzimlənməsində Avropa İttifaqı, Avropa Şurası və ATƏT birgə əməkdaşlıq siyasəti həyata keçirməlidirlər. Yalnız bu yolla Avropada miqrasiya sahəsindəki problemlər aradan qaldırıla bilər.
Bu sahədə bir sıra ölkələrdə, o cümlədən ABŞ-da, Kanadada çox səmərəli siyasət həyata keçirildiyini qeyd edən R.Aslanova sual verib ki, görəsən Ermənistan kimi ölkələr bu barədə nə düşünürlər və nə zaman öz monoetnik və irqçi siyasətindən əl çəkəcəkdir?!
Multietnik Qafqaz regionunda monoetnik dövlət yaradan və irqçi siyasət aparan Ermənistanın bölgə üçün ciddi təhlükə olduğunu bildirən deputat Azay Quliyev deyib ki, bu ölkə nəinki öz ərazisindən etnik qrupları çıxarmış, hətta işğal etdiyi Azərbaycan ərazilərində genişmiqyaslı etnik təmizləmə siyasəti həyata keçirib. Biz burada etnik qruplararası dialoqdan danışarkən Azərbaycandakı sadə insanlar – Ermənistandan qovulmuş və Azərbaycanın işğal olunmuş ərazilərindən didərgin düşmüş köçkünlər öz evlərinə geri dönmək, ədalətin bərqərar olması barədə düşünürlər. Unutmaq olmaz ki, monoetniklik və irqçilik Avropa üçün ciddi təhlükə mənbəyidir.
Deputat ümidvar olduğunu bildirib ki, bu məsələ ilə bağlı ATƏT məruzəçisi Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə siyasəti və buradan irəli gələn problemləri həmin sənəddə əks etdirəcəkdir.
Aralıq dənizi hövzəsindəki ölkələrdə yaranmış yeni vəziyyət, ATƏT məkanındakı digər məsələlərin müzakirəsi ilə qış sessiyası öz işinə yekun vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB