"Əli Kərimliyə piketlər vasitəsi ilə təxribatlar törətməsinə imkan verilməyəcək” RƏY-ÖZƏL

“Birmənalıdır ki, Əli Kərimliyə və o tipli siyasət dəllalarına Azərbaycanın milli və dövlətçilik maraqları önəmli deyil”. Bunu SİA-ya açıqlamasında “Azadlıq Hərəkatçıları” Birliyinin sədri Təhmasib Novruzov deyib.

Onun sözlərinə görə, onlar üçün başlıca məqam xarici maraqlı dairələrlə əməkdaşlıq etməklə, pul-para qazanmaqdır: “Həm də, Ə.Kərimli üçün maraqlı olan bir şey var ki, xaricidən verilən sifarişləri yerinə yetirmək fonunda onların inamını qazanmaqdır. Təbii ki əslində onların məqsədləri aksiya keçirmək deyil, təxribatlar yaratmaqdır. Yəni onların istəkləri polislə toqquşma yaratmaq və bu toqquşmaları sosial şəbəkələrdə yayımlamaqla xaricdəkilərə sifarişlərini yerinə yetirdikləri göstərməkdir. Demək olar ki, burada müxalifət tərəfindən öyrədilmiş adamlar məqsədli şəkildə qarşıdurma yaradırlar. Ə.Kərimliyə piketlər vasitəsi ilə təxribatlar törətməsinə imkan verilməyəcək. O və onun kimlər başa düşməlidir ki, kimliyindən asılı olmayaraq hər bir vətəndaşın borcudur ki, qanunlara əməl etsin. Onlar isə qanunlara əməl etmək istəmir. Hər zaman xarici qüvvələrin və daxildə olan müxalifətin məqsədi ölkəmizdə nə isə bir xoşagəlməz vəziyyət yaratmaqdır. Amma onların nə istəməsindən asılı olmayaraq heç vaxt məkrli məqsədlərinə çatmayacaqlar”.

GÜLYANƏ

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə